Bakı-Supsa neft boru kəmərindən neft oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı-Supsa neft boru kəmərindən neft oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb Cinayətkar dəstənin digər üzvləri axtarılır
Hadisə
23 Mart , 2016 18:31
Bakı-Supsa neft boru kəmərindən neft oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Tbilisi, 23 mart, REPORT.AZ\ Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd göstərmiş iki nəfəri saxlayıb.

"Report" xəbər verir ki, istintaq sirri olduğu üçün onların adları və milliyyəti barədə hələlik ictimaiyyətə məlumat verilmir.

İstintaqla müəyyən olunub ki, oğrular Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsi ilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkiblər. Cinayətkarlar həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdirmək istəyiblər. Bunun üçün magistral boru kəmərinə xüsusi açar da qaynaq edilib və bununla da Bakı-Supsa kəmərinə müəyyən ziyan vurublar.

Onların məqsədi Bakı-Supsa neft boru kəmərindən oğurladıqları nefti başqa məqsədlər üçün istifadə etmək olub. Cinayətkar dəstənin digər üzvləri axtarılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Supsa neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində oğurluğa cəhd göstərilmişdi.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı-Supsa magistralının bu ölkənin şərqində, Msxeta-Mtianeti regionunda Tsilkani və Muxrani kəndlərinin ərazisindən keçən hissədə neft oğurlamaq üçün nəzərdə tutulmuş oyuq aşkar etmişdilər.

Polisin məlumatına görə, oyuq Bakı-Supsa əsas magistral kəmərindən əlavə boru ilə neft götürmək üçün qazılıb. Həmin ərazidə aşkar edilmiş generator, qaynaq aparatı, boru və digər avadanlıq maddi sübut kimi götürülüb.

Son xəbərlər

Orphus sistemi