Bakı. 26 sentyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmət (PX) əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyanın ötürülməsi cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.
Belə ki, həmin müəssisədə məhkum Hikmət Həsən oğlu Feyziyevin yanına qısamüddətli görüşə gələn anası, Şirvan şəhərində yaşayan Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Keneksi” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Hikmət Feyziyev Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə - cinayətkar fəaliyyətə cəlb etmə) 234.4.1, 234.4.2, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən azadlıqdan məhrum edilib.