Azərbaycanlı tapdığı 1 milyon rublu sahibinə qaytarıb

Azərbaycanlı tapdığı 1 milyon rublu sahibinə qaytarıb Azərbaycanlı meyvə ticarətçisi itirilən pulu rusiyalı sahibinə qaytarıb.
Hadisə
21 İyun , 2019 12:41
Azərbaycanlı tapdığı 1 milyon rublu sahibinə qaytarıb
irk.kp.ru

Azərbaycanlı meyvə ticarətçisi itirilən pulu rusiyalı sahibinə qaytarıb.

"Report" xəbər verir ki, hadisə Rusiyanın İrkutsk şəhərində baş verib.

İçərisində 1 milyon rubl (təxminən, 27 min manat) olan bağlama İrkutsk banklarından birinin yaxınlığında itirilib və Azərbaycandan olan meyvə ticarətçisi Şamxal Gözəlov və dostu tərəfindən tapılıb.

"Bağlamanı açdıq, baxdıq, minlik və beşminlik əskinaslar var idi. Dostum elə təəccübləndi ki, dərhal telefonunu çıxarıb şəkil çəkdirdi. Heç vaxt əlimizdə bu qədər pul saxlamamışdıq", - Şamxal deyib.

Onun sözlərinə görə, pulu sahibinə vermək üçün maşınla onun arxasınca gediblər: "Avtomobilin markasını yadda saxlamaq çətin deyildi. Ona görə də onun ardınca sürdük və çatdıq. Arxadan işığı yandırıb-söndürüb xəbərdarlıq etmək istəyirdik, amma, deyəsən, o, üzərində çoxlu pul olduğunu düşündüyündən qorxurdu və sürəti artırırdı. Nəhayət, ona çatıb bağlamanı göstərdik, sürücünün üz cizgiləri dəyişdi və maşınını yol kənarında saxladı".

Pulun sahibi dürüstlüyünə görə Şamxala təşəkkür etmək məqsədi ilə bir neçə beşminlik əskinası əlinə alsa da, həmyerlimiz bundan imtina edib.

"O, bunu görəndən sonra az qala zorla məni avtomobilə əyləşdirib mağazaya apardı və mənə 15 min rubla bahalı konyak aldı", - Gözəlov bildirib.

Bu hadisə İrkutsk qruplarından birində elan yerləşdirməyə müvəffəq olan azərbaycanlının dostunun sayəsində sosial şəbəkədə yayılıb. İstifadəçilər azərbaycanlıların dürüstlüyünə heyran qalıblar.

Son xəbərlər

Orphus sistemi