Azərbaycanın Xalq artisti Azər Paşa Nemətov vəfat edib

Hadisə
  • 09 aprel, 2023
  • 13:45
Azərbaycanın Xalq artisti Azər Paşa Nemətov vəfat edib

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov vəfat edib.

Bu barədə “Report”a Akademik Milli Dram Teatrından məlumat verilib.

Azər Paşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Azər Paşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

O, 1947-ci ildə Bakı şəhərində anadan olub. Azər Paşa Nemətov Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib.1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb. 

Allah rəhmət eləsin!