Azərbaycanın ilk baş nazirinin qətlindən 100 il ötür
- 19 iyun, 2020
- 08:43
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 100 il ötür.
“Report”un Gürcüstan bürosu xatırladır ki, görkəmli dövlət xadimini 1920-ci il iyunun 19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) erməni terrorçu Aram Yerkanyan başından vuraraq öldürüb.
F.Xoyski hadisə yerində keçinib. Onun yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasməmmədov yaralanıb.
F.Xoyskinin məzarı Tbilisidə, Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir. 1920-ci ilin iyulunda Tbilisidə ermənilərin qətlə yetirdiyi digər azərbaycanlı dövlət xadimi – AXC parlamentinin sədri Həsən bəy Ağayevin məzarı Xoyskinin məzarının yanındadır.
Azərbaycanın ilk hökumət başçısının qətli ilə bağlı Tbilisidə nəşr olunan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilib.