Silsilə oğurluq törətməkdə təqsirləndirilən dəstə üzvləri barəsində ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, Bakı şəhər sakinləri - Vadim Səlimov, Simran Şirəliyev, Dadaşlı Orxan, Rəvşin Alıyev və qardaşı Rövşən Alıyevin cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin may ayında saxlanılıblar. Gədəbəy sakini Ramin Həsənova məxsus aptekdən 3 min manat pul oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən dəstə üzvləri tutularaq istintaqa cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər dəstənin başqa üzvləri ilə birgə son üç ayda paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində 30-dan çox mənzil və 15-dən artıq ərzaq mağazasını da qarət ediblər.
Saxlanılan şəxslər Bakıdan Gədəbəyə də məhz oğurluq məqsədilə getdiklərini etiraf ediblər. Onlar əvvəlcə Şəmkirdə mağaza qarət etmək istədiklərini, sonradan isə dəstənin başçısı hesab edilən Vadim Səlimovun tövsiyəsi ilə bu fikirdən daşınaraq Gədəbəyə üz tutduqlarını bildiriblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.