2021-ci ilin 9 ayı ərzində Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 48 530 nəfər istiqamətləndirilib.
Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 9 033 nəfərindən 1 838-nin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Göstərilən dövr ərzində Dövlət Komissiyasının “802 Qaynar xətt” telefon xidmətinə 601 müraciət daxil olub ki, onların 135-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 145-i narkotik asılılıqdan müalicə, 321-i isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 280 məktub ünvanlanıb.