Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.
“Report” xəbərinə görə, elektron qərarda göstərilir ki, guya Mirzəquluzadə Elxan Balağa oğlu bu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində “Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib. Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.
Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı “Report”a bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: “Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim “Nissan Patrol” markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm”.