Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb
- 11 aprel, 2019
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Şahlar Qasımov, atası Yaşar Qasımov, Əhməd Əhmədov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Qasımov, Ə.Əhmədov və S.Məhərrəmovun hər biri 11 il, C.Rza isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qənaətinə əsasən, Y.Qasımov günahsızdır. Belə ki, o, oğlu Ş.Qasımova məxsus narkotik vasitələri könüllü olaraq istintaq orqanına təqdim edib. Buna görə Y.Qasımov cinayət məsuliyyətindən azad olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.