Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
- 03 iyul, 2019
- 12:54
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin və tütün məmulatlarının realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Komitədən “Report”a verilən məlumata görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Mətbuat prospektində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı idarə etdiyi "Daewoo Nexia" markalı minik avtomobilinin baqaj və salonuna yerləşdirilmiş 5 ədəd karton qutuda və 4 ədəd sellofan torbada olan spirtli içkiləri və tütün məmulatlarını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Baxış zamanı 5 ədəd karton qutular və 4 ədəd sellofan torbaların içərisindən Azərbaycana məxsus aksiz markası ilə markalanmamış, hər biri 1 litr həcmində olmaqla, cəmi 149 ədəd üzərində "Nemirovskaya Osobaya Classic" yazıları olan spirtli içkilər və 1000 ədəd "Marlboro touch" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.