Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının üç mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu” start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət Azərbaycan yığması da mübarizə aparır.
Veloturun 120 km-lik birinci mərhələsində Samir Cəbrayılov finişi 2-ci, Elçin Əsədov isə 6-cı keçib. Bundan başqa, Elçin Əsədov bu mərhələdəki iki aralıq sprint finişindən birini də götürməyə nail olub.
Mərhələni 2-ci bitirən Samir Cəbrayılov həm də ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb.
Qeyd edək ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - “Tour of Mesopotamia”da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla ölkə reytinqinə 3 xal qazandırıb.