Yuxarı

Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub. 

Bu barədə "Report"a DSX-nin mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb. 

Məlumata görə, “Dövlət sərhədi haqqında” qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib. 

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. 

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub. 

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi