Azərbaycanda külli miqdarda saxta pulun dövriyyəyə daxil edilməsinin qarşısı alınıb

Azərbaycanda külli miqdarda saxta pulun dövriyyəyə daxil edilməsinin qarşısı alınıb Əməliyyatı Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirib
Hadisə
9 Sentyabr , 2014 14:14
Azərbaycanda külli miqdarda saxta pulun dövriyyəyə daxil edilməsinin qarşısı alınıb

Bakı. 9 sentyabr.REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları külli miqdarda saxta ABŞ dollarının dövriyyəyə daxil edilməsinin qarşısını alıb. Bu barədə Report-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, Kürdəmir rayonunda anadan olan Elşən Osmanovun saxta dollar əldə etməsi və satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Elşən Osmanov dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakının Nərimanov rayonu ərazisində saxlanılıb. 36 yaşlı Elşən Osmanov 320 ədəd saxta 100 dollarlıq əsginazları 12 min həqiqi ABŞ dollarına satmaq istəyərkən cinayət başında tutulub. Ondan 32000 saxta Amerika dolları maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta dollarlar Azərbaycandan kənarda hazırlanıb və dövriyyəyə daxil etmək üçün gizli yolla özü tərəfindən Bakı şəhərinə gətirilib.

Saxta pul nümunələrinə baxış zamanı əsginazların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub.

Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq saxta pulların mənbəyini araşdırır.

DİN vətəndaşların diqqətinə bir daha çatdırır ki, alış-veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.

.

Son xəbərlər

Orphus sistemi