Azərbaycanın hüquq-mühafizə orqanları 20 gün əvvəl oğurlanmış uşağın tapılması ilə bağlı birgə məlumat yayıb

Azərbaycanın hüquq-mühafizə orqanları 20 gün əvvəl oğurlanmış uşağın tapılması ilə bağlı birgə məlumat yayıb Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb
Hadisə
3 Sentyabr , 2014 16:58
Azərbaycanın hüquq-mühafizə orqanları 20 gün əvvəl oğurlanmış uşağın tapılması ilə bağlı birgə məlumat yayıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu  20 gün əvvəl oğurlanmış iki aylıq körpənin tapılaraq ailəsinə verməsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Report-a daxil olan birgə açıqlamada bildirilib ki, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in "102" xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki "Nəsimi" adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.Həyata keçirilən  əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Babayeva Xırda Əli qızı sentyabrın 3-də tutularaq istintaqa təqdim edilib. Müəyyən edilib ki, 2004-cü ildə Türkiyə Respublikasının vətəndaşı ilə ailə quran Xırda Babayeva övladları olmadığına görə yeni doğulan uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə o, Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gələrək, sakinlərə özünü "İmkansız ailələrə yardım fondu"nun nümayəndəsi kimi təqdim edib. Burada X.Babayeva yeni doğulan və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb. Orada vətəndaş Aysel Əhmədova ilə tanış olandan sonra körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıb. Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi