Aygün Bəylərin qohumunun ölümündə təqsirləndirilən şəxs ifadə verib: "Evə daxil olanda meyiti gördüm"

Aygün Bəylərin qohumunun ölümündə təqsirləndirilən şəxs ifadə verib: "Evə daxil olanda meyiti gördüm" Məhkəmənin növbəti iclası iyunun 16-na təyin edilib
Hadisə
2 İyun , 2017 14:13
Aygün Bəylərin qohumunun ölümündə təqsirləndirilən şəxs ifadə verib: Evə daxil olanda meyiti gördüm

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə F.Məmmədzadə, A.Hümmətov, E.Əsirov, C.Alxasov özünü təqsirli bilməyib, digər iki şəxs - E.Alxasovla R.Əsirov isə özlərini qismən təqsirli bildiyini deyib.

Daha sonra E.Alxasov vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxslər prosesin qapalı keçirilməsini istəyirlər.

Məhkəmə vəsatəti təmin etməyib.

İclasda F.Məmmədzadə sərbəst ifadə verib. O, digər təqsirləndirilən E.Alxasovla sinif yoldaşı olduğunu söyləyib: "Digər şəxsləri mənimlə Qala qəsəbəsində Elmir tanış edib. Elmir zəng edib bildirdi ki, Qala qəsəbəsində tanışının evini təmir edirlər. Buna görə onlara kömək etməyimi istədi. İşdən sonra iki gün gedib onlara kömək etdim. Qəsəbədə bildim ki, həmin ev Cavidindir. Məni ora Abbas öz maşını ilə apardı. Təmir işindən sonra bir-iki gün onlarla əlaqə saxlamadım".

F.Məmmədzadə hadisə haqqında da danışıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, onu hadisə günü evə E.Alxasov yeyib-içməyə çağırıb: "Abbasın maşını ilə həmin evə getdik. Evə çatmağımıza yüz metr qalmış Elmiri yolda gördük. Onun rəngi qaçmışdı. Elmir bizdən onu evə aparmağımızı istədi. Evə daxil olanda Elnur Hümmətovun meyitini gördüm. Onun ağzı qan içində idi. İçərdə isə Ramil Əsirov meyitin yanında dayanmışdı. Ondan nə baş verdiyini soruşdum. Ramil qohumlar arasında söhbət olduğunu, mənim işə qarışmamağımı istədi. Bu zaman içəri Abbas girdi. Meyiti görəndə rəngi qaçdı. Ürəyim bulandı, çölə çıxdım. Onlar nəsə barəsində danışdılar. Abbasdan məni evə aparmağını istədim. O, məni maşını ilə evə apardı. Hadisə barədə heç kəsə məlumat verməməyimi tələb etdilər. Bu barədə də heç kəsə məlumat vermədim".

O, həbs ediləndən sonra istintaqda ifadə zamanı komaya düşdüyünü, şəkərə tutulduğunu qeyd edib.

Daha sonra hakimin, prokurorun və vəkillərin suallarını cavablandıran F.Məmmədzadə nə narkotikdən istifadə etdiyini, nə də narkotik bitki əkib-becərmədiyini, onu satmadığını deyib: "Ümumiyyətlə, bu barədə məlumatım yoxdur. Əgər bilsəydim ki, bunlar narkotik bitki əkir, heç onlara yaxın getməzdim. Həbs ediləndən sonra bunlar arasında narkotik söhbətinin olduğunu bildim".

Prokuror F.Məmmədzadənin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olduğunu bildirib. Dövlət ittihamçısı onun istintaqdakı dindirilməsinin elan olunmasını tələb edib.

F.Məmmədzadənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, hadisənin necə baş verdiyi, E.Hümmətovun necə öldürüldüyü barədə danışıb: "Mən Elnur Hümmətovun öldürülməsindən sonra evə getdim. Onlar Qala qəsəbəsində iki metr dərinliyində yer qazıb onu basdırıblar. Qəbirin üzərinə isə beton töküblər. Daha sonra narkotiki Abbas Hümmbətov satıb, 15 min manat əldə etdi. Mənə isə həmin puldan 2 min manat çatdı".

F.Məmmədzadə məhkəməyə verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "İstintaqda verdiyim ifadə zamanı təzyiqim qalxmışdı".

Məhkəmənin növbəti iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümmətov 2013-cü ilin may ayında həmyerliləri F.Məmmədzadə, E.Alxazov, A.Hümmətov, R.Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində Suraxanı Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Son xəbərlər

Orphus sistemi