Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-4

Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-4 Təqsirləndirilən şəxs: "Bu işin bir ucu gedib Eldar Mahmudova çıxır"
Hadisə
7 Mart , 2018 14:00
Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-4

Bakı. 7 mart. REPORT.AZ/ "Report"un məlumatına görə, təqsirləndirilən Sücayət Əkbərov dindirilən zaman söyləyib ki, maşınında tapılan silahlar özünə aid deyil: "Həmin silahları mənim maşınıma qoyublar. Mən heç əsgərlikdə avtomat da atmamışam".

O, A.Alışanovu öldürmək istəmədiyini, onun əmlaklarını mənimsəmədiyini və günahsız olduğunu deyib: "Onu öldürməklə mən nə qazanacaqdım ki? Arif Alışanov Şamaxıya gəlib torpaq alanda mənə pul verirdi. Mən tək ona torpaq almaqda yardımçı olmamışam, bir neçə tanınmış şəxsə də torpaq almaqda kömək etmişəm. Bu işləri bura gətirib çıxaran Hacıdır (Arif Alışanovun sürücüsü Hacı Balayev). Hər şeyi o etdi".

Prokurorun suallarını cavablandıran S.Əkbərov qeyd edib ki, torpaq almaq üçün A.Alışanovdan ayrı-ayrılıqda 300 min, 19 min və 35 min manat pul alıb: "Digər alqı-satqı məsələlərdə Hacı olub. Pulu da o gətirirdi. Mən həm torpaq satandan, həm də torpaq alandan pul almışam. Sənədləşmə işlərini mən aparmırdım."

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.


*** 13:11

Bakı. 7 mart. REPORT.AZ/ Daha sonra təqsirləndirilən Sücayət Əkbərov sərbəst ifadə verib. 

"Report"un məlumatına görə, o qeyd edib ki, A.Alşanovu 2007-ci ildən tanıyır: "Arif Alışanov Şamaxıya torpaq sahəsi almağa gəlirdi. Mən də orada "makler"lik edirdim. Bunun əvəzində pul alırdım. Pulu onun kürəkəni gətirirdi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Sən demə qızı kürəkəni Fəriddən boşanırmış. Torpaqları qadının adına keçirdik".

O dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb: "Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqlar kimin adından kimin adına keçməsini də bilirəm. Altı hektar alınan torpaq isə Hacının adına qeydiyyatda olub".

Təqsirləndirilən şəxs bildirib ki, A.Alşanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub.

O ifadəsində vurğulayıb ki, A.Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun yaxın adamı olub: "MTN işi"ndə o, aradan çıxdı. Əslində, onun da adı bu işdə hallanırdı. Bunlar öz cinayətlərini örtbasdır etdilər. Mənim əlimdə faktlar da var".


*** 12:16

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.

Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: "Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".

Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi elan olunub..

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov özlərini təqsirli bilmədiklərini deyiblər. Onlardan yalnız A.Hüseynov özünü qismən təqsirli bildiyini söyləyib.


*** 11:56

Bakı. 7 mart. REPORT.AZ/ Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub.

"Report"un xəbərinə görə, o, təqsirləndirilən Sücayət Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə həbs qoyulub özünə yönləndirilməsini istəyib. 

Mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə iclası davam etdirilir.


*** 11:40

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Sücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Əkbərov vəsatət qaldırıb.

O, zərərçəkmiş Arif Alışanovun da məhkəmədə iştirak etməsini tələb edib. Buna görə də məhkəmə iclasının təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub. O, təqsirləndirilən S.Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə qoyulub, özünə yönləndirilməsini istəyib.

Mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, S.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. S.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları S.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə S.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi