"Araz” marketdə kassiri öldürən şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib

Hadisə
  • 15 yanvar, 2019
  • 08:42
Araz” marketdə kassiri öldürən şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində payaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əliyev özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra zərərçəkmiş qismində Kənan Səlimov ifadə verib. O bildirib ki, hadisədən üç gün əvvəl "Araz" marketdən ayrılıb: "Axşam əşyalarımı götürməyə getmişdim. Əvvəl marketdən kənarda Surxayla görüşdüm. Sonra marketin qabağında dayanan zaman Vüqar əsəbi halda bizə yaxınlaşdı. O, əlindəki binti mənə uzadıb Surxayla marketin arxasına keçdi. Sonra onlar dalaşdılar, Vüqar altında olan Surxayı yumruqla vurmağa başladı. Tez gəlib hər ikisini ayırdım. Ayağa qalxanda Vüqar yerişini itirdi, mən də halsızlaşdım. Əlimi ayağıma aparanda qan gördüm. Sonra bildim ki, Surxay Vüqarı da, məni də bıçaqla vurub. Marketin qabağına gəlib mühafizəçini çağırdıq. Mühafizəçi də təcili tibbi yardım maşını çağırdı. Həkimlər gələndə Vüqarın öldüyünü dedilər, məni də xəstəxanaya apardılar".

Zərərçəkmişin hüquqi varisi, Vüqar Hüseynzadənin atası digər zərərçəkmişə suallar verən zaman söyləyib ki, K.Səlimov "Araz" marketdən 9 ay əvvəl ayrılıb.

K.Səlimov isə hadisədən 2-3 ay əvvəl marketə işə düzəldiyini, ora gələndə V.Hüseynzadə ilə S.Əliyevi tanıdığını, hər iki şəxsin arasında yeməkxanada da mübahisə düşdüyünü vurğulayıb: "Düzdür, onlar yeməkxanada mübahisə edən zaman orada olmamışam. Durduğu yerdə heç kəs heç kəsi bıçaqlamır axı… Yəqin ki, aralarında nəsə olub, ona görə də belə hadisə baş verib. Amma nə olduğunu bilmirəm. Surxay məni bilərəkdən vurmayıb. Onun da əlində bıçaq olduğunu əvvəl görməmişdim".

Sualları cavablandıran K.Səlimov bildirib ki, özü "Araz" marketdə mühafizəçi, S.Əliyev balıq satan, mərhum V.Hüseynzadə isə kassir vəzifəsində çalışıb.

Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyən zərərçəkmiş K.Səlimov növbəti proseslərə də gəlmək istəmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

44 filmi