ANAMA-nın əməliyyat meneceri: "Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb"

ANAMA-nın əməliyyat meneceri: "Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb" Ötən gün Cəbrayıl rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı bir mina təmizləyən it minaya düşərək tələf olub.
Hadisə
31 Avqust , 2022 14:38
ANAMA-nın əməliyyat meneceri: Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb

Ötən gün Cəbrayıl rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı bir mina təmizləyən it minaya düşərək tələf olub.

Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov "Report"un Qarabağ bürosuna bildirib ki, minaaxtaran itin minaya düşməsi öz sahibini qorumağa cəhd edərkən baş verib:

"Sahibini xilas edən və özü minaya düşərək ölən “Dina” ləqəbli minaaxtaran it burada olan itlərdən öz iş qabiliyyətinə görə üstün idi."Dina" sahibini xilas edərək özü tələf olub. Bu da onu deməyə əsas verir ki, it öz sahibinə çox bağlı olub".

Azər Hüseynov qeyd edib ki, minaaxtaran itlərin yetişdirilməsi ilə bağlı bir neçə mərhələdən ibarət təlimlər təşkil edilir:

"İtlər öz sahiblərinə qarşı çox etibarlı olurlar. Xüsusi əməliyyatlarda istifadə olunan itlər bir neçə mərhələdən ibarət olan təlimlərdən keçirilərək yetişdirilir. İtlərin yetişdirilməsində aparılan təlimlər itin 3 aylığında başlanılır. İtlərin yetişdirilməsində təlimçilərlə xarakter uyğunluğu mütləq şəkildə nəzərə alınmalıdır ki, onların arasında ünsiyyət yarana bilsin. Belə olan halda it öz sahibinə daha çox etibarlı olur".

Mütəxəssis onu da qeyd edib ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində istifadə edilən itlər əsasən Belçika və alman ovçarkalarıdır. Əsas cins isə "Malinua" cinsidir. Bu itlərə üstünlük verilməsinin əsas şərtlərindən biri onların daha etibarlı və itaətkar olmasıyla bağlıdır.

"Həmin itlər ilkin təlimlərini həmin ölkələrdə alır. Azərbaycana gətirildikdən sonra həmin itlərin təlimləri bir neçə mərhələdən keçməklə davam etdirilir. Son təlim mərhələləri yerli mütəxəssislər tərəfindən həyata keçiriləndən, itlər akkreditasiya olunduqdan sonra, mina sahəsinə buraxılır. İtlərin yetişdirilməsi üçün keçirilən hər bir mərhələ ayrı-ayrı mütəxəssislər tərəfindən aparılır", - A. Hüseynov bildirib.

Ərazilərin minalardan təmizlənməsində itlərdən istifadə ən etibarlı sahə hesab edilir. Lakin itin minaya toxunaraq partlaması və hadisənin birbaşa mina təmizləmə poliqonunda olması bəzən yanlış anlaşılır. Mütəxəssis qeyd edir ki, itlərin təmizləmə sahəsində hərəkəti bəlli bir genişlikdə və 10 metri aşmayan məsafədə olur.

Azər Hüseynov onu da bildirdi ki, mina partlaması nəticəsində "Dina"nın təlimçisinin heç bir ciddi xəsarəti qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi