Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verib - YENİLƏNİB

Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verib - YENİLƏNİB Nəsimi Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin rəisi məhkəməyə zərərçəkmiş qismində gəlib
Hadisə
269
23 Yanvar , 2017 18:02
Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verib - YENİLƏNİB

*** ilk xəbər saat 14:51-də yayımlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahid qismində Zakir Bədəlovun qızı Tamella Bədəlova ifadə verib.

O bildirib ki, atasının MTN-ə aparılmasını və onun sənədlərinin alınmasına şahidlik etməyib. T.Bədəlovanın sözlərinə görə, bu barədə anası və atası evdə danışarkən eşidib.

Daha sonra şahid qismində Sevinc Rüstəmova dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. S.Rüstəmova ifadəsində qeyd edib ki, zərərçəkmiş Neman Kərimovun ona 20 min manat borcu olub.

İttiham aktına əsasən, zərərçəkmiş Z.Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Z.Bədəlovun sözlərinə görə, qohumu Z.Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib. N.Kərimov isə istintaqada verdiyi ifadəsin bildirib ki, MTN əməkdaşlarına 80 min manat pul verib.

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş N.Kərimovun epizodu üzrə şahid qismində sabiq MTN əməkdaşı Elçin Çıraqov ifadə verib.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, E.Çıraqov zərərçəkimişin verdiyi ifadələri təkzib edib. O, N.Kərimovla bağlı keçirilmiş əməliyyatda iştirak etmədyini söyləyib.

Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Vüqar Muxtarov dindirilib. Onun sözlərinə görə, əməliyyat keçiriləndən sonra N.Kərimov MTN-ə gətirilib: "Həmin əməliyyatda Elçin Çıraqov da iştirak edib".

Təqsirləndirilən S.Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. O, şahidlər - E.Çıraqovla V.Muxtarovun üzləşməsini istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Zərəçəkmiş şəxs qismində Hafiz Abekarov ifadə verib. O bildirib ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin rəisi vəzifəsində çalışır. H.Abekarov 2014-ci ildə MTN-ə çağırıldığını deyib: "Həmin vaxt Səbail Rayon İcra Hakimiyyətində işləyirdim. İdarəyə gələndə bildim ki, məni Akif Çovdarov çağırıb. Orada mənə dedilər ki, Mübariz Məmmədovla Rafiq Tağıyevin arasınnda torpaq alqı-satqısı məsələsi olub. Mən də bu haqda heç nə bilmədiyimi və mənə pul çatmadığını söylədim. Orada heç bir təzyiqlə üzləşməmişəm".

S.Rəsulov qeyd edib ki, A.Çovdarovun səhhətində yenə problemlər var: "Müvəkkilim proses zamanı tez-tez fasilə istəyir və o, dərman qəbul edir. Həmçinin ona iynə vurulur".

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi