Akif Çovdarov: "Biz onu nazirliyə agent kimi dəvət etmişdik" - YENİLƏNİB

Akif Çovdarov: "Biz onu nazirliyə agent kimi dəvət etmişdik" - YENİLƏNİB Proses yanvarın 18-də davam etdiriləcək
Hadisə
342
16 Yanvar , 2017 18:45
Akif Çovdarov: Biz onu nazirliyə agent kimi dəvət etmişdik - YENİLƏNİB

İlk xəbər saat 14:56-da verilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər ifadə veriblər.

Şahid qismində A.Çovdarovun qohumu Natiq Hümbətov dindirilib. O, İ.Xəlilovun A.Çovdarov həbs ediləndən sonra ona müraciət etdiyini bildirib: "İlham Xəlilov dedi ki, guya Akif Çovdarova 60 min manat borcu olub, ancaq bu borc sənədi mənim adıma rəsmiləşdirilib. O, notariusdan ona sənəd verməyimi istədi. Mən "bu necə ola bilər ki, mənim xəbərim yoxdur?" dedim. İlham isə mənim xəbərim olmadığını bildiridi. İlham dedi ki, "əgər borcun yoxdursa, nədən çəkinirsən? Bir sənədi niyə vermək istəmirsən?". Mən də fikirləşdim ki, bu, Akif müəllimin yaxın dostudur. Çünki o, Akif Çovdarovun evinə gəlib-gedirdi. Buna görə onun dediyi ilə razılaşdım. Əgər bilsəydim ki, İlham belə edəcək, əlbəttə razı olmazdım. Ona inanmışdım".

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, notariusdan məhkəməyə göndərilən arayışda belə bir razılıq sənədinin verilməsi təkzib olunub.

Daha sonra A.Çovdarovun kürəkəni Rövşən Qasımov ifadə verib. O, deyilənlərin yalan olduğunu söyləyib: "Düzdü, İlhamdan torpaq almışam. Amma bunun Akif Çovdarov vasitəsi ilə alınması və ona qarşı təzyiqlərin olması yalandır".

Onun sözlərinə görə, torpaq sahəsi alınan zaman sənədlərdə problem olduğu üçün həmin ərazini bəyənməyib: "Akif Çovdarov həbs edilən zaman isə İlham mənə zəng elədi ki, bu işlə bağlı Biləcəri bələdiyyəsində də yoxlamalar aparılır. O, mənə verdiyi sənədləri qaytarmağımı xahiş etdi. Mən də sənədləri geri qaytardım. Əgər torpaq mənim adıma olsaydı, niyə qaytarardım?".

İ.Xəlilov isə qeyd edib ki, A.Çovdarovun kürəkəninin adına olan torpaq sahəsi ilə bağlı çıxarış olub. A.Çovdarovun vəkilləri isə belə bir çıxarışın olmadığını vurğulayıblar.

Digər zərərçəkmiş şəxs, Binəqədi rayonunun sabiq bələdiyyə sədri Elman Salmanov da İ.Xəlilovla bağlı əlavə ifadə verib. O deyib ki, İ.Xəlilov ondan A.Çovdarova pul vermək adı ilə əlavə 16 min manat alıb.

Vəkil S.Rəsulov söyləyib ki, A.Çovdarov zərərçəkmiş İ.Xəlilovun ifadəsinə münasibət bildib: "Akif Çovdarov qeyd etdi ki, narazılığı prokurorluq əməkdaşlarınadı. Onun sözlərinə görə, prokurorlar həmin şəxslərdən generalların əleyhinə ifadə vermələrini tələb ediblər".

Günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş sahibkar Zakir Bədəlov ifadə verib. O, dindirilərkən A.Çovdarovun qohumu olduğunu deyib. Zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

S.Məmmədovun vəkili C.Rzazadə jurnalistlərə açıqlamasında bildirib ki, Z.Bədəlov məhkəmədə dindirilərkən onun ifadələrində ziddiyyət olduğu müəyyənləşib. Vəkillər zərərçəkmişin istintaqda verdiyi ifadəsinin elan olunmasını tələb edib. Hakim isə qeyd edib ki, buna ehtiyac yoxdur.

Z.Bədəlov ifadəsində söyləyib ki, qonşusu Tofiq Əliyev onu MTN-ə S.Məmmədovun çağırdığını deyib.

A.Çovdarov Z.Bədəlovun ifadəsinə münasibət bildirərkən deyib ki, Z.Bədəlov nazirliyə borca görə çağırılmayıb: "Gürcüstan daxili işlər nazirinin müavini ilə danışıq zamanı bildirildi ki, 6 nəfər şəxsin telefon nömrələri dindirilməlidir. Onlar Azərbaycana narkotik maddə keçirməkdə şübhəli bilinirdilər. Həmin şəxslərin də biri Zakir Bədəlov idi. Zakir mənim uzaq qohumum olduğundan onu nazirliyə dəvət edib bununla bağlı danışdıq. Həmçinin biz Zakiri agent kimi çağırmışdıq. Sonra məlum oldu ki, bu işdə Zakirin heç bir günahı yoxdur. Həmin şəxslər əməliyyat nəticəsində Gürcüstanda həbs edildi".

İttiham aktına əsasən, Z.Bədəlov Gürcüstan Respublikasında anadan olduğunu və 1990-cı ildən Azərbaycanda yaşadığını deyib. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona MTN-in əməkdaşı Səlim adlı şəxs tərəfindən axtarıldığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib. Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-də qohumu olan A.Çovdarovun otağına daxil olub. A.Çovdarov ondan Zakir Mustafayevə 200 min ABŞ dolları borclu olduğunu, pulu qaytarmayacağı təqdirdə əcnəbi kimi qeydiyyata aldırıb Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirib. Lakin o, A.Çovdarovla razılaşmayıb. Buna görə A.Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin Zakir Bədəlov Sabunçu Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu T.Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib. Daha sonra o, Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175 min ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib. Bununla bağlı Sabunçu RPİ-yə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu Rayon Prokurorluğuna göndərilib. A.Çovdarov və S.Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra qorxduğuna görə Daxili İşlər Nazirliyinə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.

Proses yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi