Akif Çovdarovun məhkəməsində həbsdə olan iş adamı ifadə verib: "Maskalı MTN əməkdaşları restorana gəldilər" - YENİLƏNİB

Akif Çovdarovun məhkəməsində həbsdə olan iş adamı ifadə verib: "Maskalı MTN əməkdaşları restorana gəldilər" - YENİLƏNİB Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib
Hadisə
5 Aprel , 2017 18:05
Akif Çovdarovun məhkəməsində həbsdə olan iş adamı ifadə verib: Maskalı MTN əməkdaşları restorana gəldilər - YENİLƏNİB

*** 14:30

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımov ifadə verib. O, məhkəmədə dindirilən zaman istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, qohumunun toyunda MTN əməkdaşlarının restorana gəldiklərini deyib: "Toy zamanı maskalı MTN əməkdaşları restorana gəldi və orada olan hər kəs qorxdu. Toyda olan videogörüntüləri MTN əməkdaşları məhv etdilər".

Günün ikinici yarısında davam etdirilən prosesdə zərərçəkmiş İ.Qasımovun istintaq zamanı verdiyi ifadə elan olunub.

Daha sonra məhkəmədə A.Çovdarovun vəkilləri onun ifadələri arasında ziddiyyət olduğunu bildiriblər. Müdafiçilər zərərçəkmişə suallar veriblər. O, ona ünvanlanan suallara "xatırlamıram" cavabını verərək bildirib ki, A.Çovdarovla aralarında telefon danışığı olub: "Biz isə məhkəmədə qeyd etdik ki, həmin şəxslər arasında telefon danışıqları olmayıb. İlham Qasımov düzgün danışmır".

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət
sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi