Bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ağsu rayonunda yük maşını aşıb, ölən var.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Padarqışlaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.