Abşeronda 7 obyektdən oğurluq edən şəxs saxlanılıb
- 23 iyul, 2018
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeron. 23 iyul. REPORT.AZ/ Abşeron rayonunda 7 obyektdən oğurluq edən şəxs saxlanılıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən və vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən Yardımlı sakini Rəhman Dadaşzadə tutulub.
Onun ətrafında araşdırma aparılan zaman məlum olub ki, saxlanılan şəxs bu əməlinin xeyli vaxtdır həyata keçirirmiş. R.Dadaşzadə ayrı-ayrı şəxslərin obyektlərindən küllü miqdarda pul, maşın yuma aparatı, noutbook, telefon aksesuarları və digər qiymətli əşyaları oğurlayıb.
Saxlanılan şəxs oğurladıqları malları dəyər-dəyməzinə satıb əldə etdiyi pulu isə özü üçün xərclədiyi deyib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.