Yuxarı

“Milli Ön”ün ​20-dək terminalını sındıraraq kassalarını aparan dəstə tutulub - FOTO

Onlar oğurladıqları pulu aralarında bölmək istəyən zaman saxlanılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Milli Ön” terminalından oğurluq etdikləri üçün saxlanılan Amid Əliyev, Nihad Bağıyev və Elmar Məmmədovun başqa cinayət əməlləri də ortaya çıxıb. “Report” xəbər verir ki, saxlanılan şəxslərin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qaradağ rayonu ərazisində Babalar Süleymanova məxsus mağazada və Qobustan qəsəbəsində quraşdırılmış “Milli Ön” ödəmə terminallarından ümumilikdə 3590 manat oğurlamaları müəyyən edilib.

Saxlanılan şəxslər ifadələri zamanı Bakı və Sumqayıt şəhərlərinin müxtəlif nöqtələrində quraşdırılan 20-dək “Milli Ön” terminalını sındıraraq orada olan kassanı ələ keçirdiklərini etiraf ediblər. Dəstə üzvləri barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Dəstə üzvlərinin bu tipli cinayətlərinin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, dəstə üzvləri sonuncu dəfə Yasamal rayonu ərazisində “Milli Ön” aparatındakı kassanı ələ keçirəndən sonra əldə etdikləri pulu aralarında bölmək istəyən zaman elə iş başında saxlanılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi