"Zirə"nin qapıçısı: "Çempionatın elə vaxtıdır ki, bizə qələbə lazım idi"

"Zirə"nin qapıçısı: "Çempionatın elə vaxtıdır ki, bizə qələbə lazım idi" Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVI turunda, səfərdə Səbaili 1:0 hesabı ilə məğlub edən Zirənin qapıçısı Anar Nəzirov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
5 May , 2018 21:09
Zirənin qapıçısı: Çempionatın elə vaxtıdır ki, bizə qələbə lazım idi

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVI turunda, səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Zirə"nin qapıçısı Anar Nəzirov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Uzun müddətdən sonra qələbə qazandınız. Bu, necə hissdir?

- Bu hissləri ancaq qələbə qazanan komanda bilər. Çempionatın elə vaxtıdır ki, bizə qələbə lazım idi. Sevinirəm ki, bunu bacardıq.

- "Zirə" uzun müddət idi ki, qələbə qazana bilmirdi. Komandada qələbə qazanmaq üçün nə çatmırdı?

- Əvvəlki müsahibələrdə də qeyd etmişəm. Biz bütün oyunlarda mübarizə aparmışıq. Asan təslim olmamışıq. Məşqçilər nə tapşırıb, onları da etmişik. Elə vaxt olub ki, "Zirə"nin tarixinin ən yaxşı oyunlarını oynamışıq, amma həmin oyunda ya məğlub olmuşuq, ya da xal itirmişik. Bəzən 90-cı dəqiqədə top buraxmışıq.

Evdə "Sumqayıt", "Keşlə" və "Qəbələ" ilə oyunlarda məğlub olduq. Halbuki həmin oyunlarda xallar qazana bilərdik. Hər oyundan sonra deyirdik ki, növbəti matçda qələbə qazanarıq. Hər dəfə alınmırdı. Bu da komandaya təsir edirdi.

- Avropa Liqasına vəsiqə qazanmaq şansı öz əlinizdə deyil ...

- Vəziyyət necə olursa-olsun, sona qədər mübarizə aparacağıq. Biz bu gün qələbə qazanmaya da bilərdik. Ancaq yenə də son tura kimi var gücümüzlə mübarizə aparacağıq.

- Son qələbənizi elə 5 ay 3 gün bundan əvvəl "Səbail"lə görüşdə qazanmışdınız. Gücünüz elə "Səbail"ə çatdı?

- Yox, belə deməyək. Qış fasiləsindən əvvəl gücümüz bütün komandalara çatırdı. Sonradan uğursuzluq zolağına düşdük. Kənardan heç kim bilmirdi ki, biz nə çəkirik.

- "Sumqayıt", "Neftçi" və "Zirə" arasında hansı komandanı Avropa Liqasına vəsiqə uğrunda mübarizədə şanslı görürsünüz?

- Vəziyyət necə olursa-olsun, biz sona qədər mübarizə aparacağıq. Amma "Sumqayıt"ın şansı öz əlindədir.

- Turnir cədvəlində "Neftçi"ni qabaqladınız. Onlar sabah "Qarabağ"la qarşılaşaqlar. Yəqin ki, "Qarabağ"a azarkeşlik edəcəksiniz.

- Bəli, 100 faiz...

Son xəbərlər

Orphus sistemi