Bakı. 27 sentyabr. REPORT.AZ/ "Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuzu bir az yaxşılaşdırdıq. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyik. İddialı "Zirə" yaratmaq istəyirik. Futbolçulardan razıyıq, əllərindən gələni etdilər".
"Report" xəbər verir ki, bunu "Zirə"nın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqasında "Qarabağ"a səfərdə 2:3 hesabıyla uduzduqları I turun təxirə salınmış matçından sonra mətbuat konfransında deyib.
Cəzalı baş məşqçisi Samir Abasovu əvəzləyən gənc mütəxəssis komandanın hər iki qolunu vuran Mirsahib Abbasovun əsas heyətdə yer almamasının səbəbini belə izah edib: "Bu, baş məşqçinin qərarıdır. Məşqlərə əsasən qərar vermişdik".
Quliyev qolları kobud səhvlərdən buraxdıqlarını bildirib: "Uşaq səhvlərindən qollar buraxdıq. Komanda ilə hazırlaşmağa vaxtı olmadı. Bilal Həmdi komandaya gec qoşulub, zədəsi də olub. Bir sözlə, hələ tam hazır deyil. Bunları nəzərə alaraq, matçın gedişində Bilalın yerinə Vüsal İsgəndərlini oyuna buraxdıq. Lakin Vüsal da ümidləri doğrulda, özünü göstərə bilmədi".