"Zirə"nin legioneri: "Bütün komanda günahkardır" - MÜSAHİBƏ

"Zirə"nin legioneri: "Bütün komanda günahkardır" - MÜSAHİBƏ Milan Duriç: "Bizə təzyiq göstərənlərə özümüzü sübut etdirməliyik"
Futbol
18 Aprel , 2018 14:56
Zirənin legioneri: Bütün komanda günahkardır - MÜSAHİBƏ

Bakı. 18 aprel. REPORT.AZ/ "Zirə" komandasının serbiyalı futbolçusu Milan Duriçin "Report"a müsahibəsi 

- Son oyunda "Neftçi"yə böyük hesabla məğlub oldunuz. Səbəbi nədə görürsünüz?

- Bu matçda qırmızı vərəqəyədək yaxşı oyun sərgilədik. Birinci qoldan sonra bərabərliyi təmin etmək üçün çox cəhdlər etdik. Amma ikinci hissənin əvvəllərində azlıqda qalmağımızdan "Neftçi" kimi keyfiyyətli komanda yaxşı istifadə etdi. Daha sonra isə qapımızda 2 qol gördük.

- Komandanız uğursuz zolaqdan çıxa bilmir. Bunu nə ilə əlaqələndirərdiniz?

- Biz qış fasiləsindən sonra çoxlu xallar itirdik. Buna müxtəlif səbəblər sadalamaq olar.

- 2018-ci ildə qələbə qazana bilmirsiniz. Komandada qolları, əsasən, hücumçular vurmalıdır. Sizcə, onlar yetərincə yaxşı oynaya bilirlər?

- Qarşıda hələ 5 oyunumuz var. Çalışmalıyıq ki, gücümüzü maksimum toplayıb yaxşı xarakter göstərək. İndiyədək bu situasiya ilə bağlı bizə təzyiq göstərənlərə özümüzü sübut etdirməliyik. Qələbə qazana bilməməyimiz hücumçularla bağlı deyil. Burada bütün komanda günahkardır. Çünki oyunlardakı əlimizə düşən şanslardan yararlana bilmirik.

- "Zirə"nin uğursuz çıxışı davam etsə, avrokuboklar əldə gedə bilər...

- Bu barədə düşünmək belə istəmirəm. Pozitiv olmağa çalışıram. İnanıram ki, Avropa Liqasına vəsiqə qazana biləcəyik. Hələ də şanslarımız var.

- Baş məşqçiniz Ayxan Abbasovun "Neftçi" ilə oyunda istefaya səslənməsi və azarkeşlərə sərt formada cavab qaytardığı üçün tribunaya göndərilməsinə münasibətiniz necədir?

- Mən bu barədə danışmaq istəmirəm.

- Sizi növbəti mövsümdə də "Zirə"də görə biləcəyik?

- Hazırda bunu dəqiq deyə bilmərəm. Bu mövsümü yaxşı nəticələrlə başa vurmağı düşünürəm. Bunun üçün komanda olaraq, xarakter göstərmək istəyirik.

- Növbəti turda "Keşlə" ilə qarşılaşacaqsınız. Bu oyunda qara zolaqdan çıxa biləcəksiniz?

- Həqiqətən, öz komandama güvənirəm. Ümid edirəm ki, bu matçla ardıcıl qalibiyyətsizlik seriyasına son qoyacağıq. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Yalnız bundan sonra "qara zolaq"dan çıxa bilərik. 

Son xəbərlər

Orphus sistemi