"Zirə"nin kapitanı: "Hər oyun bizim üçün final kimidir" - YENİLƏNİB-3

"Zirə"nin kapitanı: "Hər oyun bizim üçün final kimidir" - YENİLƏNİB-3 Bakı. 25 fevral. REPORT.AZ/ Bizim üçün ağır oyun idi, çox ciddi hazırlaşmışdıq. Matçın mahiyyətini çox gözəl başa düşdürdük. Dünən Keşlənin də xal itirməsindən sonra 2 pillə yüksəlmək imkanımız vardı və bunu bacardıq.
Futbol
25 Fevral , 2019 02:44
Zirənin kapitanı: Hər oyun bizim üçün final kimidir - YENİLƏNİB-3

Bakı. 25 fevral. REPORT.AZ/ "Bizim üçün ağır oyun idi, çox ciddi hazırlaşmışdıq. Matçın mahiyyətini çox gözəl başa düşdürdük. Dünən "Keşlə"nin də xal itirməsindən sonra 2 pillə yüksəlmək imkanımız vardı və bunu bacardıq".

"Report" xəbər verir ki, bunu "Zirə"nin kapitanı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

34 yaşlı qapıçı bildirib ki, hədəfləri yuxarı pillələrə qalxmaq və avrokuboka vəsiqə qazanmaqdır:

"Sumqayıt" həftə ərzində məşqçilər korpusu tərəfindən yaxşı analiz olunmuşdu. İlk hissədə verilən tapşırıqları yerinə yetirdik. Düşdüyümüz durum bizi hesabı qorumağa sövq edir və bu, futbolçularda psixoloji gərginlik yaradır. Fasilədən sonra müdafiədə daha etibarlı oynayıb, əks-hücumlara çıxmaq istədik. Pis də alınmadı. Qol epizodlarımız olsa da, üstünlüyü artıra bilmədik".

K.Bayramovun sözlərinə görə, "Zirə" qış fasiləsində yaxşı transferlər həyata keçirib: "Mfo Kqasvane, İsmael Fofana, Robin Nqalade kimi oyunçular götürmüşük. Hamısı istedadlı uşaqlardı. Sadəcə, komandaya yeni gələndə tam formada deyildilər. İrəlidəki turlarda bizə daha çox kömək edəcəklər. Məqsədimiz Avropa Liqasına düşməkdir. Heyətimiz də buna imkan verir".

"Zirə" martın 3-də XIX tur çərçivəsində "Qəbələ"ni qəbul edəcək. Kapitan hər oyunun onlar üçün final xarakteri daşıdığını deyib: "Bundan sonra hər oyun "Zirə" üçün bir finaldır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bunu dəfələrlə sübut ediblər. Ağır oyun olacaq".

Anar Nəzirovun qış fasiləsində "Qəbələ"yə keçidindən sonra "Zirə"nin əsas heyətində yer alan K.Bayramov heyətdə onda başqa da çox yaxşı qapıçıların olduğunu deyib: "Mənim üçün əsas qapıçı anlayışı yoxdur. İstər Orxan Sadıqlı, istərsə də Abdulla Seyidəhmədov istedadlı oyunçulardır. Hər ikisi gəncdir və gələcək vəd edən qapıçılardır. İşimə məsuliyyətlə yanaşıram. Ehtiyat skamiyasında oturan yox, meydanda olan oyunçu səhv edə bilər".


***01:28

Bakı. 25 fevral. REPORT.AZ/ "Üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olduq. Onlardan üzr istəyirik".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə rəqib yaxşı təsir bağışlasa da, fasilədən sonra üstünlük "Sumqayıt"da olub:

"Təslim olmaq olmaz. Futbolçularıma da bildirdim ki, bu durumdan çıxmaq üçün çox çalışmalıyıq. Çalışmaq yaşa baxmır. Elvin Məmmədov qışdan sonra ilk dəfə start heyətində yer almışdı. Yəni, məsələ yaşda deyil. Oyun baxımından rəqiblərdən aşağı deyilik. Amma real danışaq, qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindir. Seçim imkanımız azdır".

Bura gələndə hansı yükün altına girdiyimi bilirdim. İnanmasam, gəlməzdim. Məşqçiliyə təzə başlamışam. Elə böyük bir imicim də yoxdur. Alınmasa, etiraf etməyə utanmayacağam da. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dır, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdur. Mən "Sumqayıt" klubuna gəlmişəm".


***00:35

Bakı. 25 fevral. REPORT.AZ/ "Məqsədimiz odur ki, ilk hissədə nümayiş etdirdiyimiz futbolu bütün matç ərzində edək. Görüləcək iş çoxdur. İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra söyləyib.

41 yaşlı mütəxəssisin sözlərinə görə, ötən tur "Neftçi" ilə qolsuz heç-heçə etdikəri görüşdən nəticə çıxarıblar. Baş məşqçi son pillədən qurtulduqlarına sevindiklərini, amma hədəflərinin avrokuboka düşmək olduğunu vurğulayıb:

"Son pillədə olsaydıq da, hədəf avrokuboka düşməkdir. "Zirə" sonuncu yerdə olmağa layiq deyildi. Düşdüyüm mühitdən həddindən artıq razıyam. Həm çempionat, həm də kubok vasitəsi ilə avrokuboka düşmək istəyirik. Heyətimiz də buna imkan verib".

S.Abasov "Son pillədə olmağa hansı komanda layiqdir" sualına belə cavab verib:

"Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb. Nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiniz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".


***20:36

Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyunda "Sumqayıt" "Kapital Bank Arena"da "Zirə"ni qəbul edib.

Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 23-cü dəqiqədə "Zirə"nin yeni transferi Mfo Kqasvane vurub. Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Zirə" 6-cı pilləyə yüksəlib. Hesabında 14 xalı olan "Sumqayıt" isə qəsəbə təmsilçisinin tərk etdiyi sonuncu pilləyə enib. Bu, "gənclik şəhəri" təmsilçisinin qış fasiləsindən sonra ardıcıl 4-cü məğlubiyyəti olub.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" - "Keşlə" matçı qolsuz bərabərliklə başa çatdığı halda, "Sabah" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Bu gün keçirilən ilk matçda isə lider "Neftçi" öz meydanında "Səbail"ə 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi