"Zirə"nin baş məşqçisi: "İdman prinsiplərinin pozulmasını istəmirik"

"Zirə"nin baş məşqçisi: "İdman prinsiplərinin pozulmasını istəmirik" Futbolçulara evdə məşq etmələri üçün xüsusi proqram verilib. Daha öncə müəyyən vaxt üçün qaçışlar da tapşırılmışdı. İndi isə yalnız ev şəraitində məşq edirlər.
Futbol
6 Aprel , 2020 11:34
Zirənin baş məşqçisi: İdman prinsiplərinin pozulmasını istəmirik

"Futbolçulara evdə məşq etmələri üçün xüsusi proqram verilib. Daha öncə müəyyən vaxt üçün qaçışlar da tapşırılmışdı. İndi isə yalnız ev şəraitində məşq edirlər".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" futbol komandasının baş məşqçisi Zaur Həşimov deyib.

39 yaşlı mütəxəssis bildirib ki, futbolçuların hamısı xüsusi karantin qaydasının bütün tələbləri barədə məlumatlandırılıb. Həşimov köməkçiləri ilə birlikdə oyunçularla mütəmadi əlaqə saxladıqlarını diqqətə çatdırıb.

Baş məşqçi hazırkı vəziyyətin onu da narahat etdiyini söyləyib: "Heç birimiz istəmərik ki, ölkəmizdə virusa yoluxanların sayı artsın. Əlbəttə sağlamlıq hər şeydən önəmlidir. Mən də karantin rejiminin bütün tələblərinə əməl edirəm. Demək olar ki, bütün günü evdə oluram. Vaxtımı əsasən telefonda ünsiyyətlə, televizora baxmaqla və ya kompüter arxasında keçirirəm".

Gənc mütəxəssis çempionat başlayandan sonra futbolçuların əvvəlki formalarına qayıtmaları üçün vaxtın lazım olduğunu vurğulayıb: "Onların tam formaya düşmələri üçün 4 - 8 həftə vaxt lazımdır. Hələlik Premyer Liqamızla bağlı qeyri-müəyyənlik var, necə olacağını bilmirik. UEFA-nın sonuncu videokonfransında federasiyalara çempionatların sona çatdırılması tövsiyə olunub. Biz də idman prinsiplərinin pozulmasını istəmirik".   

Baş məşqçi bütün legionerin Bakıda olduğunu da bildirib: "Sərhədlər bağlanmamışdan öncə də getmək istəyən olmadı. Ümumiyyətlə, bizə bu barədə müraciət edilmədi". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirusa görə aprelin 14-dək dayandırılıb. "Zirə" 20 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi