"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq" "Zirə" turnir cədvəlində birinci pilləyə yüksəlib
Futbol
20 Avqust , 2017 19:44
Zirənin baş məşqçisi: Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq

Bakı. 20 avqust. REPORT.AZ/ "Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Yevlaxda "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib. O bildirib ki, meydanın vəziyyətini nəzərə alaraq, hava topları ilə oynamağa üstünlük veriblər. Eyni zamanda qolları cinah oyunçularının vurması əvvəlcədən düşünülmüş taktika olub: "İstəyirdik ki, cinahdakı oyunçular qollarımızı vursunlar. Elə də oldu. Bu gün qəhrəman təkcə iki qol vuran Təmkin Xəlilzadə yox, hamıdır. Azarkeşlərimizə də minnətdaram ki, Bakıdan Yevlaxa gələrək, bizi dəstəklədilər".

Gənc mütəxəssis 59-cu dəqiqədə "Kəpəz"in məşqçisi Xaliq Mərdanovla yaşadığı insidentə də aydınlıq gətirib: "Həmin vaxt Vüsal İsgəndərli zədələndiyi üçün futbolçularımız topu kənara vurmuşdu. Lakin "Kəpəz"in futbolçuları topu oyuna daxil etdikdə bizə vermədilər və oyuna davam etdilər. Vüsal buna etiraz edəndə ona "Vermirlərsə, eybi yox, oyununu oyna". Rəqib düşərgədə isə bunu "Kəpəz"in futbolçusuna irad kimi başa düşdülər. Nəticədə Xaliq müəllimlə aramızda xırda söz-söhbət oldu. Sonradan Şahin Diniyevlə danışdıq, məsələ yoluna qoyuldu".

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Zirə" turnir cədvəlində birinci pilləyə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi