Yuxarı
    Bağlamaq

    Zəngin ənənələri olan, amma sponsora möhtac Mingəçevir futbolu - ARAŞDIRMA

    Gənclər və İdman İdarəsinin rəisi: Stadionu Mingəçevir futboluna sahib çıxacaq istənilən himayəçi tərəfə təmənnasız təklif edirik

    Mingəçevir. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın bir sıra regionları var ki, həmin bölgələr futbol ənənələri baxımından zəngin tarixə malikdir. Doğrudur, müxtəlif səbəblərdən həmin coğrafiyalarda hazırda keçmiş ənənələrlə müasir futbol əlaqələrinin qırıldığının, çat verdiyinin şahidi oluruq. Mingəçevir isə məhz o şəhərlərdəndir ki, bu günədək həm futbol ənələrini qoruyub, həm də idmanın bu çox sevilən sahəsinin yeni mərhələdə inkişafını təmin etdirmək üçün potensialını möhkəmləndirib. Şəhərdə peşəkar futbolun inkişafı üçün zəruri olan yetərli infrastrukturlar mövcuddur.

    “Report”un əməkdaşı Mingəçevir futboli ilə bağlı araşdırma hazırlayıb.

    Yaşar Məmmədzadə adına şəhər stadionu da daxil olmaqla, məktəb və məhəllələrdə çoxsaylı yararlı stadionlar, uşaq futbolunu doğru yönləndirmək iqtidarında olan təcrübəli məşqçi-müəllimlər, baza rolunu oynayan Uşaq-Gənclər İdman Məktəbi (UGİM), peşəkar futbolla məşğul olan istedadlı yerli futbolçular və böyük futbolun həsrəti ilə yaşayan azarkeş kütləsi Mingəçevirdə böyük futbolun sabahı üçün təminat verir.

    Qeyd etmək lazımdır ki, Mingəçevirdə futbol ənənələrinin inkişafı ötən əsrin 60-70 ci illərinə təsadüf edir. 1966-cı ildə Mingəçevirin yeniyetmələrdən ibarət “Ulduz” komandası keçmiş ittifaqda populyar yarışlardan hesab olunan “Sevinc” kubokunun mükafatçıları sırasında yer alıb. Daha sonra “Toxucu” SSRİ brinciliyinin II dəstəsində Azərbaycan futbolunu uğurla təmsil edib. 1984 - 1989-cu illərdə isə həmin liqada Mingəçevir “Avtomobilçi “komandası ilə çoxsaylı uğurlara imza atıb. Bu illər ərzində şəhərdə yeni istedadlı futbolçular nəsli yetişib, respublikanın adlı-sanlı futbolçu və məşqçiləri Mingəçevir futbolunun inkişafına töfhələr veriblər. Yuri Romenski, Anatoli Banişevski, Şaiq Həmidov, Yaşar Vahabzadə, Nazim Süleymanov, Qəhrəman Əliyev, Mehman Alışanov, Ramiz Məmmədov, eləcə də digər futbolçu və məşqçi-mütəxəssislər Mingəçevir futbol ictimaiyyətinə uzun illər sevinc və həyəcan dolu anlar yaşadıblar.

    Yeni mərhələdə başlanılan ənənələri “Kür” və “Kür-Nur” komandaları uğurla davam etdirib. Ölkə çempionatında qeyd olunan adlarla təmsil olunan bu komandalar hətta Azərbaycan Kubokunun finalında çıxış ediblər. Nəhayət, estafet “Energetik”ə çatıb. Bu klub ilk dönəmlərdə Mingəçevir futbolunun gələcəyi üçün bir ümid işığına dönsə də, komandaya yetərli maddi dəstəyin göstərilməməsi hər kəsin qəlbində ruh düşkünlüyünə yol açıb. 2003 - 2017-ci illərdə I Dvizionda çıxış edən komanda iki dəfə - 2003-2004 və 2008-2009 mövsümlərinin yekunlarına əsasən Premyer Liqada çıxış etmək şansı qazanıb. Amma sponsor dəstəyi olmadığından, bu arzu və fürsət gerçəkləşməyib. Üstəlik, bu dəstəkdən məhrum olan klub 2018-ci ildən I Divizionda çıxış etmək huququnu itirib. 2018-ci ildə Region Liqasına qoşulan “Energetik” növbəti uğura imza atıb. Yarımqrup və digər mərhələ oyunlarını keçərək finala yüksəlib və yalnız həlledici görüşdə Sumqayıtın “Uğur” komandasına məğlub olub.

    Yenə Region Liqasında çıxış edən komandanın rəisi Elbrus İsmayılov deyir ki, yeni mövsümün startı ərəfəsində onlara AFFA nümayəndəsi yenidən I Divizionda çıxış etməyi təklif edib: “Region Liqasında uğurlu çıxışımız diqqətdən yayınmadı. Belə deyək, ilkin olaraq qeyri-rəsmi formada, şifahi şəkildə AFFA rəsmisi fikrimizi öyrəndi. Mən bank təminatımız olacağı halda, əlbəttə, I Divizionda çıxış etməyə həvəsli olduğumuzu bildirdim. Təəssüf ki, bu, baş tutmadı. Açığı, elə məsələlər var ki, bizim istəyimizə bağlı deyil. Çünkü 2017-ci ildən qüvvəyə minən qayda və tələblərə əsasən, klubun ilk növbədə, 300 min manatlıq bank təminatı olmalıdır. Nəzərdə tutulmuş digər 4 şərti isə qarşılamaq, fikrimcə, mümkündür. Ümumiyyətlə, aşağı divizionda normal çıxış üçün təqribən 500 min manatlıq büdcə lazımdır. Komandamıza bu günədək təsisçilik edən “AZENKO-Qroup” MMC əlindən gələni edib. Amma bundan sonrası üçün verilə biləcək qərarlar onların durumuna və istəyinə bağlıdır. Təbii ki, yolumuza davam etmək istəyirik. I Divizionda alınmadı, ən azından yenidən Region Liqasında oynayırıq. Onu deyə bilərəm ki, bu gün şəhərdə futbolu dirçəltmək, inkişaf etdirmək üçün Mingəçevir bütün tələb olunan strukturlara və potensiala malikdir. Bu şəhəri böyük futboldan kənarda görmək təəssüf doğurur. Hazırda neçə-neçə futbolçu və məşqçimiz ölkənin müxtəlif klublarında, akademiyalarda çalışıb, futbolun inkişafına dəstək verir. UGİM-də, “Energetik”in sıralarında yetişən gənc istedadlarımız da eynən digər bölgələrə üz tutur".

    Oxşar fikirləri Şimal-Qərb Regional Futbol Federasiyasının prezidenti, beynəlxalq dərəcəli hakim, Mingəçevir UGİM-in direktoru Rövşən Əhmədov da bölüşür: “Vaxtilə olduğu kimi, bu gün də Mingəçevirdə uşaq futbolu ən yüksək dinamika üzrə inkişaf edir. Məktəbimizin müxtəlif yaş qrupları üzrə yetirmələri ölkə səviyyəsində keçirilən ən mötəbər yarışlarda daim mükafatçılar və ən güclülər sırasında yer alır. 12 qrup üzrə hazırlıq işləri ilə 7 təcrübəli məşqçi-mütəxəssis çalışır. Onlardan 1-i əməkdar məşqçi, 3-ü isə 1-ci kateqoriyalı məşqçilərdir. Hər kəs istəklə çalışır və davamlı nəticələr qazanılır. Amma sonrası... Sonrası isə yoxdur. Bir qisim idmançı böyük futbol olmadığı üçün digər sahələrə üz tutur, digər qisim istedadlar isə ölkənin digər bölgələrinə karyera axtarışına çıxır. Ən əsası, futbola tarixən böyük sevgisi olan Mingəçevir azarkeşləri böyük futbolun həsrətini yaşayırlar. ”Toxucu” və “Avtomobilçi”nin çıxış etdiyi dönəmlərdə bu azarkeşlərin stadionda və ondan kənarda oyunlar zamanı necə coşqu yaratdığını hər kəs yaxşı xatırlayır. Hətta “Avtomobilçi” - “Kəpəz” derbi oyunlarını demirəm. Bu gün isə hər kəs susur, axtarır, gözləyir.Şəxsən mən bir neçə dəfə Peşəkar Futbol Liqası və AFFA-da olan həmkarlarımıza, dostlarımıza bu barədə xatırladıb sponsor axtarışında dəstək olmalarını xahiş etmişəm. Hətta Bakı klublarından birinin Mingəçevirə verilməsinin də doğru ola biləcəyini demişəm. Təəssüf ki, onlar sponsorların Bakıdan kənara çıxmaq istəmədiyini söyləyirlər. Açığı, bu, başa düşülən deyil. Bir şəhərdə ənənə, baza, potensial və azarkeş dəstəyi ola və sponsor bu bölgədə futbolun inkişaf etdirilməsində maraqlı olmaya...”

    R.Əhmədov hazırda ölkənin əksər klublarınını əsas və əvəzedici heyətlərində mingəçevirli futbolçiların çıxış etdiyini deyir.

    Bu şəhərdə həm də futbol hakimliyi ənənələri mövcuddur. Rövşən Əhmədov, Akif Cavadov və başqaları respublika, beynəlxalq miqyaslı oyunları uğurla idarə ediblər. Bu gün onlarla hakim həmin yolu davam etdirir. Rəşad Əhmədov,Samir Hacıyev, Eldar Baxşəliyev, Namiq Bəkirov, eləcə də digərləri futbolu hakimlik bacarıqları ilə inkişaf etdirməyə çalışırlar. Onlar I Divizion da daxil olmaqla, müxtəlif rəsmi matçları idarə edirlər. Hətta yeni mövsümdən aralarında yüksək liqa oyunlarına təyinat alanlar var. Bu faktın özü də Mingəçevirdə futbola olan böyük rəğbətin göstəricisidir.

    Futbolun Mingəçevirdə inkişafını şərtləndirə biləcək əsaslardan biri də stadion və təlim-məşq bazası imkanlarının mövcudluğudur. Yaşar Məmmədzadə adına şəhər stadionu ta əski dönəmlərdən etibarən ərazisinə, təbii ot örtüyünə və imkanlarına görə ölkənin ən yaxşılarından hesab olunur. Burada bir əsas təbii örtüklü, iki köməkçi təlim stadionlar mövcuddur. Eyni zamnda stadion ərazisində, mini-futbol, basketbol, futbol meydanları fəaliyyət göstərir. Bir neçə il öncə stadion əsaslı şəkildə yenidən qurulub. 5200 müasir oturacaq quraşdırılıb (Əvvəllər azarkeş tutumu 8000 nəfər olub). Tribunalar altındakı qapalı sektorda isə cüdo və güləş bölmələri fəaliyyət göstərir. Qaçış zolaqları ən müasir standartlar həddinə çatdırılıb. Eyni zamanda iki köməkçi stadionun hər birində yeni soyunub-geyinmə otaqlarının və duş kabinələrinin inşası nəzərdə tulub. Bu məsələyə dair Mingəçevir şəhər Gənclər və İdman İdarəsi müvafiq layihə təklif edib və ilkin razılaşma əldə olunub. Stadionun bir özəlliyi də ondan ibarətdir ki, burada vaxtilə “Avtomobilçi” komandası üçün inşa edilmiş klub bazası var. Doğrudur, müvəqqətti olaraq orada 13 məcburi köçkün ailəsi yerləşdirilib. Amma söhbət böyük futbolun inkişafından gedirsə, mütəxəssislər bu məsələnin də asanlıqla çözülə biləcəyini söyləyirlər.

    Maraqlısı budur ki, futbolun gələcəyi üçün stadiondan istifadə belə şəhər futboluna sahib çıxacaq potensial sponsorlara pulsuz təklif olunur. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Məhdud Məsuliyyətli Cəmiyyət olaraq idarənin tabeliyində olan bu böyük stadionu da təmmənnasız istifadə üçün komandanın ixtiyarına verə biləcəklərini deyir: “Hazırda stadiondan “Energetik” yararlanır. Arenanı Mingəçevir futboluna sahib çıxacaq istənilən himayəçi tərəfə təklif edirik. Buyurun, istifadə edin. Təki şəhər futbolu inkişaf etsin, mingəçevirlilər böyük futbol həyəcanı yaşasınlar. Dəfələrlə aidiyyatı qurumlara üz tutub sponsor axtarışında yardımçı olmalarını rica etmişik.Ən azından paytaxtda boş tribunlar önündə çıxış edən klubları azarkeş tribunası önündə, yəni, Mingəçevirdə görməkdə maraqlı olduğumuzu açqlamışıq. Amma nədənsə, real addım atan yoxdur. Bir neçə haldə maraqlanan tərəflər olub, amma o da səthi və nəticəsiz çıxıb”.

    Yeri gəlmişkən, bu gün Mingəçevirdə Azərbaycan futbolu tarixində önəmli xidmətləri olmuş yaşlı, orta yaşlı və gənc mütəxəssislər yaşayırlar. Onlardan bir çoxu hələ də futbola töfhə vermək iqtidarındadır. Amma Mingəçevirdə böyük futbolun olmaması onları digər sahələrə üz tutmağa sövq edir. Zaur Qarayev, Mehman Alışanov, Mehman Baxşəliyev və başqaları bu qəbildəndir. Elə bu materialın hazırlığı mərhələsində Alışanovla qısa ünsiyyətimiz zamanı da oxşar fikirlərə şahidlik etdik. Futbolu həyatının önəmli parçası hesab edən veteran futbolçu futbolçu karyerasının həsrəti ilə yaşadığını söylədi: “Təki böyük futbol bu gözəl şəhərimizə yenidən qayıtsın, stadionu azarkeş səsi bürüsün, gənc istedadlarımız karyeralarında yeni səhifə aça bilsinlər”.

    Ehtiram MURADOV

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi