Yuxarı

Yunis Hüseynov "Xəzər Lənkəran"ın baş məşqçi postundan istefasının səbəbini açıqlayıb

Heyətə klubun akademiyasından yetişən futbolçular cəlb olunacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol komandasının baş məşqçisi Yunis Hüseynov istefa verib. Bu barədə "Report"a 51 yaşlı mütəxəssisin özü məlumat verib. 

Onun sözlərinə görə, səbəb klubun strategiyasını dəyişməsidir: "Yayadək "Xəzər Lənkəran"da gənclərdən ibarət komanda olacaq. Onların qarşısına heç bir hədəf qoyulmayıb. Elitada yerimizi qorumağa çalışacağıq. Çempionat getdikcə zəifləyir. İnanmıram ki, Premyer Liqadan hər hansı komanda I Diviziona düşsün. Stimulumuz var idi ki, ölkə kubokunda irəliləyərik. Düzdür, futbolda sürpriz də gözləmək olar. Amma hazırkı heyətlə yarımfinala-finaladək gedə biləcəyimizi demək düzgün olmaz. Heyətə klubun akademiyasından yetişən futbolçular cəlb olunacaq. Ona görə də Elbrus Məmmədovun baş məşqçi olmasına qərar verdik. Mən isə idman direktoru olacağam. Elbrus müəllim gəncləri daha yaxşı tanıyır".

Y.Hüseynov bildirib ki, baş məşqçi əvəzləməsinə baxmayaraq, qış təlim-məşq toplanışı planında heç bir dəyişiklik olmayacaq: "O planı mən yazmışdım. Elbrus Məmmədov da mənim köməkçim idi. O, elə həmin plan üzrə işləyəcək".

Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda Azərbaycan Premyer Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi