Yuxarı

Yunis Hüseynov: "Qarabağ"ın səviyyəsi tədricən aşağı düşməkdədir" - MÜSAHİBƏ

Yunis Hüseynov: "Qarabağ"ın səviyyəsi tədricən aşağı düşməkdədir" - MÜSAHİBƏ
Bizim səviyyə həmişə bu olacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ “Çox zəif təsir bağışladılar. “Qarabağ” heç özünə oxşamadı. Çempionatın zəif olması bütün komandalara, o cümlədən çempionumuza da sirayət etməkdədir”.

Bunu “Report”a Pro kateqoriyalı futbol məşqçisi Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Portuqaliya “Sportinq”inə 1:6 hesablı məğlubiyyətini şərh edərkən deyib.

Son iş yeri “Kəpəz” olan 53 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ”da geriləmə var və bu cür məğlubiyyət Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı düşməsindən xəbər verir: “Qarabağ”ın futbolçularının çoxu milli üzvü olan yerlilərdir. Həmçinin yaxşı legionerləri var. Amma yavaş-yavaş artıq “Qarabağ”ın da səviyyəsi aşağı düşür. Bunun da səbəbi Azərbaycan çempionatının zəif olmasıdır. Artıq bu cür rəqiblərlə mübarizə apara bilmirlər. Yığmamız da Millətlər Liqasında Kosovoya 0:4 hesabı ilə uduzdu. İndi də “Qarabağ” böyük top fərqi ilə məğlub oldu”.

- Demək istəyirsiniz ki, millinin də uğursuz çıxışı Premyer Liqanın səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır?

- 8 komandalı çempionatın zəif olduğunu hamı yaxşı bilir. Kosovo ilə görüşdə futbolçularımızda əzmkarlıq, istək görünmədi. Bu, başqa şeydir. Amma “Sportinq”lə qarşılaşmada rəqibin heyətində bəzi problemlər olsa da, çox rahat təsir bağışladılar. “Qarabağ”ın səviyyəsi isə tədricən aşağı düşməkdədir.

- “Qarabağ”ın bir sıra futbolçuları Azərbaycan millisinin üzvləridir. Bu mənada Kosovoya məğlubiyyətin psixolji baxımdan onlara pis təsir göstərdiyini və “Sportinq”lə matça da sirayət etdiyini söyləmək olar?

- Xeyr, elə deməzdim. Əlbəttə, uduzanda hər bir oyunçuya pis təsir edir. Amma klubla milli ayrıdır. Klubda yerlilərin yanında legionerlər də var. Start heyətində olanlardan 5-i azərbaycanlı idi. Legionerlər də 0:4 hesabı ilə uduzmayıblar ki...

- “Qarabağ”ın bu yay heyətinə qatdığı Hannes Halldorsson, Simeon Slavçev, Abdullah Zubir kimi legionerlərin səviyyə baxımından əvvəlkilərdən geri qaldıqları söylənilir. Bununla razısınız?

- Razıyam. Yayda İbrahim Şehiçlə Riçard Almeyda gedib. “Sportinq”lə matçda baxdım, Slavçev Almeydanın yerini vermir. Eləcə də Halldorsson Şehiç kimi güclü deyil. Yaxşı futbolçulardır, sadəcə, özlərini doğrultmurlar. Ola bilər ki, “Qarabağ”da öz yerlərini tapa bilmirlər.

- “Qarabağ”ın oyun qurucusu Riçard Almeyda idi. Onun yoxluğu aşkar hiss olunmaqdadır...

- Hər şey bir futbolçudan asılı deyil. Düzdür, “Qarabağ”da oyunu aparan Almeyda idi. İndi onun yoxluğunun hiss edilməsi normaldır. Amma hər şey Almeydandan asılı olsaydı, dünən “Astana” evdə Kiyevdə “Dinamo”suna 0:1 hesabı ilə uduzmazdı (gülür).

- Sonuncu turda “Arsenal” ilə İngiltərədəki matçda daha böyük hesab ola bilər?

- Komanda həmin vaxta qədər toparlanacaq. Biz də istəyirik ki, hər şey yaxşı olsun. Amma reallıqları nəzərə almalıyıq. Bir çoxumuz həmişə şablon sözlər demişik, “əlayıq” söyləmişik. Bir söz deyim: AFFA milli komandadan ötrü bəlkə də heç bir yığmaya yaradılmayan şəraiti yaradıb. Bu, danılmazdır. Təlim-məşq toplanışlarından tutmuş mükafatlara qədər hər şey var. Amma bir şeyi başa düşməliyik: futbolçunun qabında yoxdursa, heç nə olan deyil. Düzdür, regionlarda futbol olmalıdır, uşaq futboluna diqqət yetirilməlidir. Amma qabda yoxdursa, AFFA heç nə edə bilməz. Qabında olmayanı 100 gün də məşq etdirsən, fayda verməz.

- Ancaq futboçuları yetişdirmək də klubların üzərinə düşür...

- 2011-ci ildə futbolumuzun 100 illiyini keçirdik. Bu günədək ən güclü komandamız “Neftçi” olub, mən də onun şərəfini qorumuş bir insanam. Biz həmişə orta pillələrdə getmişik. Yəni, qabımızda olan budur. Deyək ki, dağıdacağıq, çempion olacağıq, sıfırdan başlayıb, xarüqələr yaradacağıq – boş sözlərdir. Bizim səviyyə həmişə bu olacaq. Çünki genetika və mentalitet daha böyük işlərə kifayət etmir. Ən yaxşı məktəb də açsaq, səviyyə bu olacaq. Biz futbola diqqət ayıranda digər ölkələr yatmayacaqlar ki...

- Yəni, gələcəyə nikbin baxmırsınız?

- Əlbəttə, daha yaxşı olmasını istəyirəm. Avropalılarla bizim futbola baxışımız fərqlidir. Mən bir Yunis Hüseynov olaraq legioner həyatı yaşaya bilərdim. Amma özümdə də psixologiya elə idi ki, getmədim. SSRİ millisində çıxış edəndə, xarici klublar istəyirdi. Getməmişəm. Niyə?! Demişəm ki, evimin içi olsun. Psixologiya, mentalitet imkan verməyib. Düşüncəm bu cür olub. İndi də elədir. Bizim futbolçular xaricə getməkdə maraqlı deyillər. Bu gedişlə gələcəkdə də belə olacaq. Futboçularımızın 50 faizi legioner həyatı yaşasa, bəlkə, nəsə dəyişə. Ömrümün 38 ilini futbola həsr etmişəm, indi işsizəm. Mən də istəyirəm ki, komanda sayı çox olsun, rəqabət artsın, biz də işləyək, bir xeyrimiz dəysin. Ancaq indki reallıqlar belədir...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi