Yunis Hüseynov: "Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı"

Yunis Hüseynov: "Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı" "Dieqonun həkimə gedəndə içkili olduğunu sübut etsəniz, onun biletini dərhal alıb qovaram"
Futbol
28 Aprel , 2018 23:49
Yunis Hüseynov: Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı

Bakı. 29 aprel. REPORT.AZ/ "Həmişəki kimi qalib gəlmək istəyirdik. Oyuna 2-3 saat qalmış Gəncədən avtobusla Qəbələyə gəlmişdik. Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə başa baha gəldi. Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı".

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Mövsümün sonu yaxınlaşır. Komandanızda çoxmu dəyişiklər olacaq?

- Bunu deyə bilmərəm. Planlar gələcəyin işidir.

Bu tur "Kəpəz"in I Diviziona düşməsi rəsmiləşir...

- Yəqin ki, komanda sayını artırarlar. PFL-in qərarını gözləyirik. Premyer Liqada qalsaq, çalışarıq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalır, biz düşə bilərik.

Deyəsən, "Kəpəz"in Premyer Liqada qalmasıyla bağlı arxayınlıq var...

- İnanıram ki, qalarıq. Regionda futbol olmasa, inkişaf olmayacaq. Azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəkliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdirir. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandır. Komandaların sayı artırılmalıdır. O vaxtlar bölgə komandaları çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olurdu. 8 yox, 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Bu zaman zəif komanda olmayacaq.

Vinçesterlə Dieqonun yoxluğu zədəylə bağlıdır?

- Bəli. Vinçesterin zədəsi ciddidir. Xahiş edirəm ki, məlumatı dəqqiləşdirib yazardınız. Elə şey olmayıb ki, Dieqo həkimə gedəndə içkili olub. Belə şey olsa, mənə sübut etsəniz, onun biletini dərhal alıb qovaram. Hər şeyi dəqiqləşdirmişəm. "Səbail"lə oyundan sonra da komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, onlar da meydana çıxmaq istəyiblər. Oyunçularıma kənardan təzyiqlər var. Açıb hər şeyi desəm...

Roman Hüseynovun müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması nə ilə bağlıdı?

- Onu oynatmaq futbolçunun xeyrinədir. İki klub arasında razılıq olur. "Qəbələ" ilə aramızda razılaşma olmayıb ki, Roman onlara qarşı oynamasın.

Son xəbərlər

Orphus sistemi