Yuxarı
    Bağlamaq

    Yozef Blatter Mişel Platini və xələfləriylə münasibətlərindən danışıb

    O vaxtdan Platini ilə nə telefonla danışmışıq, nə də yazışmışıq

    Bakı. 19 fevral. REPORT.AZ/ Futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmış FİFA prezidenti Yozef Blatter ona qarşı irəli sürülən ittihamlarda özünü günahkar saymayıb. "Report"un məlumatına görə, Y.Blatter Fransanın RMC radiosuna müsahibəsində eyni diskvalifikasiyaya məruz qalmış UEFA prezidenti Mişel Platini ilə gərgin münasibətlərinin yoluna qoyulduğunu bildirib.

    "Mən daha özümü Platini ilə rəqib saymıram. O, son açıqlamalarında barəmdə müsbət danışıb. Sentyabrda FİFA İcraiyyə Komitəsini tərk edərkən, hər ikimiz "Nəyə görə?" sualını vermişdik. O vaxtdan Platini ilə nə telefonla danışmışıq, nə də yazışmışıq" - deyə o bildirib.

    Hər iki məmur FİFA-nın Etika Komitəsi tərəfindən cəzalandırılıb. Səbəb kimi 2011-ci ildə qeyri-qanuni və sənədlə əsaslandırılmadan FİFA-dan M.Platininin hesabına 1,8 milyon avro köçürülməsi göstərilib. Y.Blatter vurğulayıb ki, aralarında müqavilə çəkisinə malik şifahi razılaşma olub. Bu, İsveçrə qanunvericiliyində və FİFA Kodeksində göstərilib: "Müqavilə şifahi formada da ola bilər. Platini də mənim kimi günahsızdır. Bu, qanuni anlaşmadır. Real razılıq əldə olunmuşdu və biz onu yerinə yetirməli idik. Bu, mənim fəlsəfəmdir".

    Y.Blatter FİFA prezidenti seçkisində namizədlərdən heç birini dəstəkləməyəcəyini də açıqlayıb: "5 namizəddən 4-ü mənimlə əlaqə saxladı. Lakin mən heç birinə üstünlük verə bilmərəm. Habelə, bir neçə federasiya mənə müraciət edib və kimə səs verməli olduqlarını soruşub. Cavab vermişəm ki, seçimlərini özləri etsinlər".

    Qeyd edək ki, fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyi uğrunda Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman İbrahim əl-Xəlifə, İordaniya şahzadəsi Əli əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, CAR-ın keçmiş naziri Tokio Seksvale və UEFA baş katibinin sabiq müavini Jerom Şampan mübarizə aparacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi