Yenə qolsuz oyun, ardıcıl üçüncü məğlubiyyət - REPORTAJ - FOTO

Yenə qolsuz oyun, ardıcıl üçüncü məğlubiyyət - REPORTAJ - FOTO Bakı. 25 oktyabr. REPORT.AZ/ Qarabağ UEFA Avropa Liqasında III tur matçına çıxıb.
Futbol
25 Oktyabr , 2018 22:56
Yenə qolsuz oyun, ardıcıl üçüncü məğlubiyyət  - REPORTAJ - FOTO
Foto: "Report"

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qarabağ" UEFA Avropa Liqasında III tur matçına çıxıb.

"Report" xəbər verir ki, E qrupunda yer alan Ağdam təmsilçisi Ukrayna "Vorskla"sı ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 48-ci dəqiqədə Vladislav Kulaç imza atıb.

Baş məşqçi Qurban Qurbanov ötən tur İngiltərənin "Arsenal" komandasına Bakıda 0:3 hesabı ilə uduzduqları görüşlə müqayisədə start heyətində 4 dəyişiklik edib.

Qapıda Vaqner da Silva, müdafiənin mərkəzində Yakub Jezniçak və Bədavi Hüseynovu əvəzləyən kapitan Rəşad Sadıqov yer alıb. Müdafiənin sağında Maksim Medvedev, solda isə Ansi Aqollonin yerinə Donald Gerye meydana çıxıb. Orta xətdə Filip Ozobiçi Simeon Slavçev əvəzləyib. Onun yanında Qara Qarayev, sol cihanda isə Abdullah Zubir yer alıb. Sağda Mahir Mədətovu Araz Abdullayev dəyişib. İnnosent Emeqara tək hücumçu kimi meydana çıxıb.

Matçın əvvəli hər iki komanda üçün kəşfiyyat xarakterli keçib. Qapı istiqamətinə ilk ciddi zərbə Slavçevdən gəlib. Lakin bolqarıstanlı yarımmüdafiəçinin 20-ci dəqiqədə uzaq məsafədən vurduu zərbə qapının üstündən keçib. Bir qədər sonra Jezniçakın baş zərbəsi də "çərçivə"yə düşməyib.

"Vorskla"nın futbolçusu Mixail Sergeyçuk matçdan əvvəl "Rəqibin çox yaxşı, sürətli cinah oyunçuları var, ən çox buna diqqət etməliyik" söyləməklə, "Qarabağ"ı yetərincə analiz etdiklərini diqqət çəkmişdi. Elə ilk yarıda sərgilənən futbol poltavalıların oyun planlarını məhz buna görə qurduqlarını göstərib. Qonaqlar "köhlən atlar"ın cinah həmlələrini zərərsizləşdirə biliblər. Əvəzində ilk hissənin sonuna doğru Rəşad Sadıqovun cərimə vuruşundan sonra Miçelin zərbəsi hədəfdən yayınıb.

Komandalar ikinci hissəyə bir dəyişikliklə başlayıb. "Vorskla"nın heyətində Najep Yakubunu Nikolas Kareka əvəzləyib. Maraqlıdır ki, məhz onun ötürməsindən sonra Vladislav Kulaç təxminən 25 metrlik məsafədən hesabı açıb. Bu zərbə zamanı Vaqner kobud səhvə yol verərək, topu əlindən buraxıb. Buraxılan qoldan sonra Zubir tarazılığı bərpa etməyə yaxın olsa da, qapıçı zərbəni dəf edib. Ardınca Emeqaranın vuruşu dəqiq olmayıb.

58-ci dəqiqədə Qurbanov iki dəyişiklik edib. Slavçevi Filip Ozobiç, Emeqaranı Mahir Mədətov əvəzləyib. 69-cu dəqiqədə isə Abdullayevin yerinə Con Delarj oyuna qoşulub. Ardınca qonaqların heyətində qolun müəllifini Mixail Sergeyçuk dəyişib.

Əvətmələrdən sonra "Qarabağ" rəqibi öz qapısına sıxsa da, son nöqtəni qoymaq baxımından problem olub. Ozobiçə qarşı kobudluqdan sonra Geryenin cərmə zərbəsindən vurduğu top canlı səddə dəyərək, qapıya getməyib. Haitili futbolçu 88-ci dəqiqə də qol imkanını boşa verib. O, cərimə meydançasının daxilindən qapını düzgün nişab ala bilməyib.

Beləliklə, ardıcıl üçüncü matçında qol vurmadan uduzan "Qarabağ" son pillədə qalıb. "Vorskla" isə 3 xal əldə etsə də, 3-cü pillədən irəliləyə bilməyib. Turun digər görüşündə İngiltərə "Arsenal"ı Portuqaliyada "Sportinq"i 1:0 hesabı ilə yenib və 9 xalla vahid liderə çevrilib. "Sportinq" isə 6 xalla 2-ci yerdə qalıb.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi