Yuxarı

​Yazıçı Çingiz Abdullayev "Neftçi" klubunun Müşahidə Şurasının sədri seçilib

Müşahidə Şurasında Mübariz Zeynalov, Səmədağa Qurbanov, Bəhram Bağırzadə, Sadıq Sadıqov və SOCAR-dan iki nəfər yer alıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev "Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri seçilib. 

"Report"un məlumatına görə, yeni təyinata bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında keçirilən Müşahidə Şurasına seçkilər zamanı qərar verilib.

Klubun Müşahidə Şurasında sədrdən əlavə veteran futbolçular Mübariz Zeynalov və Səmədağa Qurbanov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov, SOCAR-ın sərmayələr idarəsininin rəis müavini Zaur Qəhrəmanov, aktyor Bəhram Bağırzadə və "Neftçi" İdman Klubu İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov yer alıb.

İclas zamanı Müşahidə Şurasının ən azı ayda bir dəfə toplaşması qərara alınıb. Şuranın tapşırığına əsasən "Neftçi" Futbol Klubunun vitse-prezident Elnur Məmmədova icraçı direktor vəzifəsi həvalə olunub. O, 1 ay müddətində yeni strukturu hazırlayaraq təqdim edəcək. Bundan başqa ilkin olaraq, "Neftçi"nin MMC-dən ASC-yə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi"nin sabiq rəhbəri Sadıq Sadıqov 2009-cu ildən klubun prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub və Azərbaycan futbolunda ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi