Yuxarı
    Bağlamaq

    "Yagelloniya"nın baş məşqçisi: "Bakıya güclü rəqiblə oynamağa gəlmişik"

    Ən azı uduzmamağa çalışacağıq© Foto:Dziennikzwiazkowy.com

    Bakı. 12 iyul. REPORT.AZ/ "Bura güclü rəqiblə oynamağa gəlmişik. Bunun fərqindəyik. Ən azı uduzmamağa çalışacağıq".

    “Report”un məlumatına görə, bunu Polşanın “Yagelloniya” komandasının baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşıdakı görüşü şərh edərkən deyib.

    47 yaşlı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Rəqibin oyun tərzi baxımından nə deyə bilərsiniz?

    - Fərdi olaraq komanda çox güclüdür. Filip Ozobiçlə Araz Abdullayevi xüsusilə qeyd edərdim. Yaxşı baş məşqçiləri var. Mərkəz müdafiəçiləri barədə xoş söz deyə bilərəm. Rəqibin cəmi 3 matçını izləmişəm. Təəssüf ki, "Qəbələ" mübarizəyə I təsnifat mərhələsindən başlamadı. Belə olsaydı, onlar barədə daha çox məlumat toplayardıq.

    Cütün taleyini Bakıdakı, yoxsa Polşadakı oyun həll edəcək?

    - Fikrimcə, Polşadakı matç həlledici olacaq. Eyni səviyyəli komandalar üz-üzə gəldiyi üçün bir görüşdə məsələnin həll olunacağını düşünmürəm. Az hallarda belə olur.

    "Qəbələ"nin hazırkı qapıçısı David Pietrzkeviç və sabiq qolkiperi Pavel Kapsa polşalıdır. Rəqib barədə onlardan məlumat almısınız?

    - Kapsa çoxdan burada oynayıb. Petrzkeviçi isə tanımıram.

    Şansları necə qiymətləndirirsiniz?

    - Fikrimcə, 50/50-yədir.

    Avropa Liqasında məqsədiniz nədir?

    - Hazırda mərhələ keçməkdir. İrəlilədikcə, iddiamız da artacaq.

    Bakıya uzun yol qət etmisiniz. Bu komandaya mənfi təsir göstərməyəcək ki?

    - Düşünmürəm. Uzun olsa da, rahat səfərdir.

    Qeyd edək ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi