Yuxarı

​Hakimlər Komitəsinin sədri: "Neftçi" - "Qarabağ" oyunlarını hər dəfə mən idarə edirdim"

Xaqani Məmmədov: Bu təyinata böyük önəm veriləcəyini bilsəydim, heç təyin etməzdim

Bakı. 18 mart. REPORT.AZ/ "Əliyar Ağayevin bu mövsüm Premyer Liqada ardıcıl 3-cü dəfə "Qəbələ" - "Qarabağ" oyununa təyinat almasında qeyri-adilik yoxdur". Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

X.Məmmədov Azərbaycan Premyer Liqası və I divizion oyunlarına təyinatlarda heç bir hakim çatışmazlığından söhbət getmədiyini bildirib. Onun sözlərinə görə, referilərin bir neçə tur ard-arda təyinat alıb-almaması normaldır: "Bunlar boş sözlərdir. Statistikanı qaldırın, müstəqillik illərindən bu yana "Neftçi" və "Qarabağ" oyunlarını hər dəfə mən idarə edirdim. Bu o deməkdir ki, hakim çatışmırdı? Xeyr, bununla bağlı deyil. Sadəcə, adi bir təyinatdır. Bu təyinata böyük önəm veriləcəyini bilsəydim, heç təyin etməzdim. Hər bir hakimimizə inanırıq, amma burada qeyri-adi nəsə axtarmaq lazım deyil. İnqilab Məmmədov divizion oyunlarına da təyinat alır, amma bir neçə gün əvvəl Premyer Liqada oyun idarə etdi. Burada nə var ki? Əsasən, divizionun çətin oyunlarına Premyer Liqa hakimlərini təyin edirik. Yəni, bir hakimin Premyer Liqaya da, diviziona da təyinat alması normaldır".

Komitə sədri bildirib ki, hər tur keçirilən oyunların sayı baş hakimlərdən az olduğundan, bir referiyə ayda 2-3 təyinat düşür: "Əvvəllər deyirdilər ki, hakim çatışmır və hər turda eyni adamlar idarə edirdi. İndi isə hər turda 5 oyun keçirilir və 10 baş hakimimiz var. Bunların hansına oyun verək? Dalbadal təyinat versək, kimlərsə kənarda qalacaq. Baş hakim normalda aya 2-3 oyun idarə etməlidir və biz də bu prinsipləri gözləyirik. Kimsə 2 tur oyun idarə etməyəndə o dəqiqə deyirlər ki, cəzalandırıblar. Hər tur ard-arda oyun idarə etməlidirlər?"

Onun sözlərinə görə, hazırda baş hakimlərdən heç biri cəzalı deyil, amma köməkçi hakimlərdən cəzalananlar var: "İndi cəzalı olan baş hakim yoxdur. Ancaq bu tur təyinat alan, ola bilsin, növbəti oyunu idarə etməsin. Çünki digər hakimlərə də təyinat verilməlidir. Bu tur ötən turda olmayan hakimlərdən üçü meydana çıxacaq. Rauf Cabbarov, Rəhim Həsənov, Ömər Paşayev son turda oyun idarə etməyiblər. Əvəzində Fariz Yusifov, Orxan Məmmədov və İbrahim Məmmədov qarşıdakı turda olmayacaq. Yəni hər kəs 1-2 turdan sonra yeni oyuna çıxır. Bu, bir tərəfdən də yaxşıdır ki, rəqabət olur. Köməkçi hakimlərə gəlincə, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" - "Xəzər Lənkəran" oyununda yan xətt hakimi olan Namiq Hüseynov cəzalıdır. Lakin cəzasını açıqlaya bilmərəm. Cəza müddəti kodeksə əsasən təyin olunur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi