Yuxarı
    Bağlamaq

    Xəqani Məmmədov: "Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun?" - MÜSAHİBƏ

    Mən azarkeş kimi danışa bilmərəm

    Bakı. 30 yanvar. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçında referi Ramil Diniyevin idarəçiliyi ilə bağlı "Report"a müsahibəsi

    - Qarşılaşmanın hakim-inspektoru kimi Diniyevin idarəliyini necə qiymətləndirərdiniz?

    - Oyun çox gözəl keçdi. Hiss olunmurdu ki, 1-ci və 7-ci yerdə gedən komandalar üz-üzə gəlir. "Neftçi" çox artırıb və baxımlı oyun göstərir. Bəziləri iddia edir ki, guya başqa referi olsaydı, idarəçilik fərqli olardı. Biz məsələyə başqa cür yanaşırıq. Yəni, hakimləri oyuna görə seçmirik. Oyundakı epizodları araşdırıb, qərar verəcəyik. Hakim səhvidirsə, müvafiq tədbir görüləcək. Ancaq istənilən halda heç bir qərarı açıqlamırıq və açıqlamayacağıq.

    - Bəs şəxsi mövqeyiniz necədir?

    - Biz hər bir epizodu komitə üzvləri ilə birgə araşdırır və qərar veririk. Yenə deyirəm, qərar heç bir halda elan olunmur.

    - Şəxsi mövqeyinizi açıqlamamağı AFFA-nın baş katibi Elxan Məmmədovun iradından sonra qərara almısınız?

    - Əslində Elxan müəllim düz deyir. Əvvəlcədən nə isə demək doğru deyil.

    - Elə isə futbol azarkeşi kimi deyərdiniz: "Neftçi"nin lehinə verilməyən penaltidə referi haqlı idimi?

    - Mən azarkeş kimi danışa bilmərəm. Hazırda sədr kimi müsahibə verirəm.

    - Ümumilikdə oyunun idarəçiliyini necə dəyərləndirirsiniz?

    - Məndən söz almaq istəyirsiniz ki, hakimliyə qiymət verim? Oyun, hakimlik və idarəçilik haqda danışa bilmərəm.

    - İntizam Komitəsinin sabahkı iclasında hakimlik məsələsinə baxılıb müvafiq tədbir görülməsi barədə qərar çıxarıla bilər?

    - Xeyr.

    - Ramil Diniyev "Qarabağ"da çıxış edən Coşqun Diniyevin əmisi oğludur. Ümumiyyətlə, qohumun oyununa təyinat vermək nə dərəcədə düzgündür?

    - Rauf Cabbarovun, Əliyar Ağayevin, Mübariz Haşımovun atası hakim-inspektordur. Ramil Diniyevin əmisi baş məşqçidir, əmisi oğlu futbolçudur. Onda gərək oyunlara hakim təyin etməyək. Biz hamıya eyni gözlə baxırıq.

    - Hakim-inspektor və hakimlər arasındakı ilə futbolçu və hakim arasındakı qohumluq fərqli anlayışlardır...

    - Kimsə futbolçuya görə özünü yandırmalıdır? Niyə biz onu bu oyuna təyin etdik? Çünki Ramil Diniyev qış təlim-məşq toplanışında özünü ən yaxşı tərəfdən göstərən hakimlərdən biri olub. Bizə deyirlər ki, niyə FİFA hakimləri təyin olunmadı? Rəhim Həsənovu "Qarabağ"ın oyununa verək, yenidən söz çıxarsınlar? Ömər Paşayevlə Əliyar Ağayev hazırda İspaniyanın Malaqa şəhərində UEFA-nın elit və I dərəcəli hakimlər üçün kursundadır. Onlar ötən gün yola düşüblər. Yəni, bunu deyən insanlar gərək fikirləşsinlər də...

    - Növbəti tura təyinat alacaq hakimlər arasında Diniyevi görə bilməsək, demək olarmı ki, artıq o, cəzalanıb?

    - (gülür - R.Ə.) Özünüz görəcəksiniz də.

    - Ağabala Ramazanov deyir ki, Ramil Diniyevin ondan penaltinin olub-olmadığını soruşub...

    - Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun? Belə bir şey olmayıb, ola da bilməz!

    - Belə iddialr varki, həmin epizodda hakimi qucaqladığı üçün futbolçuya sarı vərəqə göstərilməli idi...

    - Vərəqəni hansı əsasla verəsən? Hakim heç ona fikir verməyib. Təmasdan-təmasa fərq var. Biri var ki, gəlib referini itələyirəsən. Biri də var epizoddan sonra gəlib hakimi qucaqlayasan. Dünya futbolunda o qədər belə hallar olur ki. Bu, dostyana, sevinc hisslərini cilovlaya bilmədən edilən hərəkətdir. Amma hansısa kobudluq olmayıb ki, vərəqə göstərəsən.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi