Yuxarı

Xaqani Məmmədov: "Bir neçə gənc hakimi Premyer Liqada görəcəyik" - MÜSAHİBƏ

Hakimlərimizin çempionata hazır olduqlarını deyə bilərəm

Bakı. 29 iyul. REPORT.AZ/ Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Polşadakı təlim-məşq toplanışının yekunları ilə əlaqədar affa.az saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir...

- Yeni mövsümə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Əvvəlcədən planlaşdırdığımız kimi, toplanışı Polşanın Varka şəhərində keçirdik. Artıq ikinci dəfədir ki, həmin yerdə toplanış təşkil edirik. Bildiyiniz kimi, yay aylarında oyunlar az olur. Amma həmin məkanda hakimlərimiz Polşanın I liqasının komandalarının, eləcə də İsrail Premyer Liqasının 2 klubunun iştirakı ilə keçirilən oyunları idarə etdilər. Planda 12 oyun nəzərdə tutulsa da, hakimlərimiz 14 matçda ədaləti qorudular. Əvvəlki illərlə müqayisədə oyunların səviyyəsi yüksək idi. Hətta vaxtilə UEFA kubokunda mübarizə aparmış “Poloniya” kimi klub da həmin komandaların arasındaydı. Bu komandaların iştirakı ilə keçirilən 3-4 oyunu idarə etdik. Polşa Premyer Liqasının oyunlarını idarə etməməyimizin səbəbi isə həmin vaxt orada çempionatın başlanması ilə bağlıdır. Toplanışın gedişindən və nəticələrindən razı qaldım.

- Hazırlıq müddətində hansı çatışmazlıqları təsbit etdiniz?

- 14 günlük toplanışın I mərhələsini ötən mövsümün oyunları zamanı yaşanan problemlərin təhlilinə və aradan qaldırılmasına ayırdıq. Premyer Liqanın və başqa ölkələrin çempionatlarından hazırlanan, eləcə də FİFA və UEFA-nın hazırladığı videomaterialları izlədik, baş verən hakim səhvlərinin analizini apardıq. Hakimlərimiz müxtəlif suallara cavab verdilər. İkinci mərhələni isə yeni mövsümün planlarına, FİFA və UEFA-dan göndərilən yeni materialların hakimlərimizə izahına və digər məsələlərə ayırdıq.

- Bəs razı qaldığınız nüanslar hansılar oldu?

- Razı salan məqamlardan biri hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdır. Artıq onlar UEFA-nın müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçdi və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Gün ərzində 2 dəfə ağır məşqlər keçirdik. Fiziki hazırlıq üzrə məşqçimiz Namiq Quliyev UEFA-nın son materiallarını hakimlərə çatdırırdı. Toplanışın sonunda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Birincidə indiyə qədər olan, ikincidə isə UEFA-nın eksperiment normativini yerinə yetirdilər. Onu da deyim ki, yeni normativi tətbiq edən ilk ölkələrdənik. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu.

- Hazırlıq prosesinə yeni hakimlər dəvət etmişdinizmi?

- Bu dəfə toplanışa dəvət etdiyimiz hakimlərin sayını azaltmışdıq. Bu, hansısa problemlə bağlı deyildi. Belə bir çətin vəziyyətdə hakimlərin ölkə xaricində yüksək səviyyədə toplanış keçirməyinə şərait yaratdığına görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Hakimlərin sayı az olanda dərslərdə, məşqlərdə məhsuldarlıq yüksək, nəticə effektli olur. Bir neçə gənc hakim var ki, onları Premyer Liqada görəcəyik. Onlardan Rəvan Həmzəzadəni, Xəlil Xəlilovu, Ramil Əhmədovu nəzərdə tuturam.

- Premyer Liqanın startına 10 gündən az vaxt qalıb. Hakimlər oyunları idarə etməyə hazırdırlarmı?

- Hakimlik zamanı bəzən elə səhvlər olur ki, heç onun izahını qaydalarda tapa bilmirsən. Sonradan beynəlxalq qaydalar şurası toplaşıb onu qaydalara salırlar. Ümumi götürdükdə hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçdilər. Bu il ilk dəfə olaraq hakimlər biletlərdən əlavə, metodika üzrə də imtahan verdilər. Onlar fiziki hazırlıq üzrə normativləri də yerinə yetirdilər. Sadaladıqlarıma əsaslanıb hakimlərin çempionata hazır olduğunu deyə bilərəm. Amma oyunlar zamanı nələrin baş verəcəyini çempionatın startından sonra görəcəyik. Onu da vurğulayım ki, hakimlər bu dəfə işlərinə çox məsuliyyətlə yanaşdılar.

- Hakimlər ləvazimatlarla tam təchiz ediliblərmi?

- Müqayisə üçün deyim ki, Rusiya Futbol İttifaqı cari mövsümdən çempionat oyunları zamanı “sprey”lərdən istifadə etməklə bağlı qərar qəbul edib. Düzdür, iki tur arxada qalsa da, hələ ortada heç nə yoxdur. Amma biz ötən mövsümdən bu ləvazimatdan yararlanırıq. Bundan başqa, bəzi oyunlarda “6-lıq” sistemindən də istifadə edirik. Bir sözlə, hakimlərimiz lazımi ləvazimatlarla tam təchiz olunub.

- I divizion və əvəzedici komandaların oyunlarına təyinat alacaq hakimlər üçün seminar keçiriləcəkmi?

- Bu günlərdə belə bir seminar keçirməyi planlaşdırırıq. Təbii ki, seminarın sonunda onlardan həm nəzəri biliklərlə bağlı imtahan, həm də fiziki normativlər götürüləcək. İmtahandan keçməyən və normativləri verə bilməyən hakimlər müəyyən müddətə kənarda qalacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi