Yuxarı

Vaqif Sadıqov: "Çexiya ilə oyundan sonra çarx hər iki tərəfə fırlana bilər"

Vaqif Sadıqov: "Çexiya ilə oyundan sonra çarx hər iki tərəfə fırlana bilər"
Rəşad Sadıqov kənarda qalmayacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Milli komandamızı qarşıda fərqli əhəmiyyətə malik iki oyun gözləyir. Çexiya ilə qarşılaşma nəticə, Almaniya ilə görüş futbolçularımızın özlərini göstərməsi baxımından önəmlidir”. 

Bunu “Report”a açıqalamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya və Almaniya yığmalarına qarşı keçirəcəyi matçlar barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis oktyabrın 5-də Çexiya ilə Bakı Olimpiya Stadionunda baş tutacaq görüşün Azərbaycan futbolu üçün önəmli olduğunu söyləyib. O bildirib ki, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda qalib gəlməklə, yeniliyə imza ata bilər: “Yığmamız qalib gələcəyi təqdirdə, qrupda 3-cü yeri böyük ölçüdə təmin edəcək. Bu isə Azərbaycan futbolu üçün yeni bir tarixdir. Robert Prosinçki və komandasının görüşün əhəmiyyətini başa düşdüklərinə əminəm. Millimizin bu uğura imza atacağına inanıram. Bizi maraqlı və intriqalı oyun gözləyir. Komandamıza yalnız qələbə lazımdır. Digər nəticələr rəqiblərin bizi keçməsinə şərait yaradacaq. Bu, elə oyundur ki, çarx hər iki tərəfə fırlana bilər. Qələbə qazanıb tarix yazmağımız da, uduzub ənənəvi 5-ci yerə qayıtmağımız da mümkündür”.

Azərbaycan millisinin sabiq baş məşqçisi olan V.Sadıqov hesab edir ki, oktyabrın 8-də səfərdə Almaniya yığmasına qarşı olacaq matç yerli futbolçular üçün önəmlidir. Onun fikrincə, bu cür qarşılaşmalar azərbaycanlı oyunçuların özlərini göstərmələri üçün bir şansdır: “Futbolda sürprizlər olur. Lakin əsas məsələ gələcəyə nikbin baxmağa imkan verən oyun sərgiləməyimizdir. Hər bir futbolçu diqqət mərkəzində olacağını başa düşməlidir. Bu, onların özlərini göstərmələri üçün bir fürsətdir. Oyunçularımız bu cür şanslardan yararlanmağa çalışmalıdırlar”.

V.Sadıqov bildirib ki, dekabrda Azərbaycan millisi ilə müqaviləsinin müddəti başa çatacaq Robert Prosineçki ilə əməkdaşlığı davam etdirib-etdirməməklə bağlı qərar Çexiya və Almaniya ilə matçlardan sonra verilməlidir. Onun fikrincə, xorvatiyalı mütəxəssisin işinə soyuq başla qiymət verilməlidir.

Məşqçilər Komitəsinin sədri Rəşad Sadıqovun Çexiya ilə görüşdə sonuncu dəfə Azərbaycan millisinin formasını geyinəcəyinə də münasibət bildirib. O, millinin kapitanının geyindiyi 14 nömrəli formanın əbədiləşdirilməsi ilə bağlı təklif irəli sürmədiklərini deyib: “Rəşadın Azərbaycan futboluna verdiyi töhvələr göz qabağındadır. Onun vida matçı ilə bağlı hələlik biz tərəfdən heç bir təklif irəli sürülməyib. Dövlətimizin, AFFA-nın Sadıqova münasibəti bəllidir. Karyeranı bitirməklə bağlı qərarlar asan verilmir. Yəqin ki, çox götür-qoy edib. Rəşad peşəkar karyerasını bitirəndən sonra belə futbol ailəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək. O, kənarda qalmayacaq. Hazırda əsas olan Çexiya ilə oyundur. Burada qələbənin verəcəyi rekord 13 xal və ilk dəfə 3-cü yeri tutmaq Rəşad üçün hədiyyə olacaq”.

Qeyd edək ki, V.Sadıqov müxtəlif vaxtlarda (1997/1998, 2002, 2005) Azərbaycan millisinin baş məşqçisi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi