Yuxarı

​Ukraynalılar Qriqorçuk, Qay və Bezotosnını fərqləndirib

Qay və Beztosnı simvolik yığmada yer alıb

Bakı. 30 dekabr. REPORT.AZ/ "Qəbələ" futbol komandasının builki çıxışı Ukrayna mətbuatının da diqqətindən yayınmayıb. "Report"un məlumatına görə, həmkarlarımız 2015-ci ilin yekunları ilə bağlı təhlillərində baş məşqçi Roman Qriqorçuk, futbolçulardan Aleksey Qay və Dmitri Bezotosnıya da yer ayırıblar.

R.Qriqorçuk və digər baş məşqçilərin əcnəbi klublarda göstərdikləri nəticələr "Top-10"da "məşqçi sıçrayışı" kimi əksini tapıb. "Footboom.com" saytı 50 yaşlı mütəxəssisin nailiyyəti barədə bunları qeyd edib: "Roman Qriqorçuk ukraynalı mütəxəssislərin işləməyi bacardıqlarını sübut etdi. "Çernomorets"in sabiq çalışdırıcısı "Qəbələ" ilə Azərbaycan çempionatının gümüş medalını qazandı və klub tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bundan başqa Roman İosifoviç mətbuat konfransına "aerodrom"la gəldi. İlin sonunda isə Qriqorçuk Azərbaycanda ilin baş məşqçisi seçildi".

Bundan əlavə "Qəbələ"nin iki futbolçusu Ukraynanın 2015-ci ilin simvolik komandasında da yer alıb. Yarımmüdafiəçi Aleksey Qay əsas, qapıçı Dmitri Bezotosnı isə ehtiyat oyunçu kimi siyahıya daxil edilib. "Ua-football.com" saytı Aleksey Qay və Dmitri Bezotosnı haqda bunları qeyd edib: "Təcrübəli Qay Azərbaycan komandası üçün vacib oyunçudur. O, mövsüm ərzində bütün matçlarda forma geyinib və həmişə əsas heyətdə meydana çıxıb. Onun uğurlu çıxışı və qolu sayəsində Qriqorçuk rekord qələbəyə imza atıb, "Qəbələ" üçün məğlubiyyətsiz seriya yaranıb. Onun ötürməsi nəticəsində Dodo "Panatinaikos"un qapısına yol tapıb və komanda Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qay 2015-ci ildə stabil çıxış edib. Bezotosnı da kolleksiyasına Azərbaycan çempionatında qazanılmış gümüş medal əlavə edib, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. O, Avropa Liqasının təsnifat mərhələsində Yunanıstanın PAOK klubu ilə iki, "Panatinaikos"la isə bir oyunda qapısını toxunulmaz saxlayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi