Bakı. 4 noyabr. REPORT.AZ/ Vaşinqtonun Əsas Futbol Liqasında (MLS) çıxış edən "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi vida matçı keçirmək üçün futbol üzrə İngiltərə milli komandasında çıxışını bərpa edəcək.
“Report” BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu noyabrın 15-də Londonda ABŞ və İngiltərə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda iştirak edəcək.
Runi kapitan sarğısında komandanı "Uembli" stadionuna çıxaracaq. Bu görüş onun üçün yığmada 120-ci olacaq.
Runi 2017-ci ilin yayında İngiltərə millisində karyerasını başa vurduğu elan edib. O milli komandada 2003-cü ildə debüt edib və hesabında 53 qolla yığma tarixinin ən yaxşı bombardiridir.