Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfransı keçirilib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaqda martın ortalarında yaradılan İki İşçi qrupun yarışlarla bağlı təklif etdiyi 2 variant müzakirə olunub.
Bunlardan biri milli çempionatların avrokuboklardan əvvəl başlamasıdır. Çempionlar Liqası və Avropa Liqası oyunlarının isə avqustda keçirilməsi planşaldırılır. İkinci variant isə daxili yarışlar və avrokubokların paralel şəkildə başa çatdırılmasıdır.
Onlayn iclasda növbəti dəfə milli assosiasiyalara yerli liqaları bitirmək üçün bütün mümkün variantlardan istifadə etmək tövsiyə olunub. Bunun klubların avrokuboklarda iştirakı üçün ən yaxşı vasitə olduğu vurğulanıb. Eyni zamanda hazırkı şəraitdə insanların sağlamlığının daha vacib olduğu qeyd olunub.
Bildirilib ki, daxili yarışları hazırkı formatla bitirmək mümkün olmayacağı təqdirdə klubların avrokuboklarda iştirakının idman prinsipləri əsasında müəyyənləşdirilməsi üçün başqa formatlardan istifadə oluna bilər.