Yuxarı

Təbriz Həsənov: "Ən çox ehtiyat etdiyim erkən qol idi, o da oldu"

Rəqib bizi hərtərəfli üstələdi

Bakı.5 may.REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Təbriz Həsənov Bakıdakı Avropa çempionatında Portuqaliya yığması ilə görüşdən sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, T.Həsənov əvvəlcə oyun barədə danışıb, daha sonra isə sualları cavablandırıb.

- Əslində mən də gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol idi. O da oldu. Belə rəqiblə oyundan sonra gərginlik öz sözünü dedi. Ən zəif oyunumuzu sərgilədik. Rəqib bizi hərtərəfli üstələdi. Hesab da oyuna görə oldu.

Qarşıdakı oyunlara komandanı hazırlamaq çətin olmayacaq?

- Qarşıdakı 2 oyuna komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Mənim haqda nəsə deyə bilərsiniz. Amma uşaqların üzərinə getməyək. Qrupdan çıxmaq üçün şansımız var. Bunu qarşıdakı görüşlərdə qələbə qazanmaqla gerçəkləşdirmək olar.

Hazırlığın yüksək səviyyədə olmadığı fikri ilə razılaşmırsınız? Bu nəticəyə görə üzr istəmək fikriniz var?

- Təbii ki, üzr istəsəm də, istəməsəm də, mən də azərbaycanlıyam. Mən də istəməzdim belə nəticə olsun. Qarşıdakı 2 oyundan sonra üzrxahlıq barədə danışaram. Aprelin 18-dən hazırlaşırıq. Təbii ki, üstümüzdə məsuliyyət var. Amma futbolçular əsas hazırlığı bizim komandada keçmirlər.

Pilağa Mehdiyevin start heyətində başlamamasına səbəb nə idi?

- Mən son məşqlərdə özlərini göstərənləri əsas heyətə buraxmışdım. Pilağa isə özünü yaxşı tərəfdən göstərməmişdi. Həm də götürdüyümüz testlər də onun yaxşı hazırlıq səviyyəsində olmadığını göstərdi.

"İnter"dən bombardir Raul Süleymanzadə niyə millidən kənarda qalıb?

- İndiki heyətdəkilərin heç biri U-17 liqasında oynamır. Hamısı əvəzedici heyətdə çıxış edənlərdir. U-17 liqasındakıların oyunçuları heç biri burada oynaya bilməz. Hazırda ən güclü futbolçular yığmadadır. İnanmırsınızsa özünüz gedin, dediyiniz futbolçuları yerindəcə izləyin.

Seçmə mərhələdə iştirak etməməyiniz bu nəticədə rol oynaya bilərmi?

- Təbii ki, mənfi təsiri var. Bu komanda 15 yaşından bir yerdədir. Futbolçular seçmə mərhələnin gərginliyini yaşamayıblar. Portuqaliya həqiqətən güclüdür.

6 legionerlə 0:5. Daha neçə legionerə ehtiyacınız var?

- Onların heç biri legioner deyil. Bu gün meydanda oyunu ilə nə isə etmək istəyən futbolçular var idisə, onlar xarici çempionatda oynayanlar idilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi