"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?" Vidadi Əhmədov: ""İndiki məqamda komandanı saxlaya biləcək min adamdan biri ola bilərəm"
Futbol
28 Aprel , 2017 14:24
Turanın ilk prezidenti: Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?

Bakı. 28 aprel. REPORT.AZ/ "Hamının bir fikri var – “Turan Tovuz” güclülər dəstəsində çıxış etməlidir və Azərbaycan futbolunu bu komandasız təsəvvür etmək mümkün deyil. Lakin fikir, istək başqa, reallıq başqadır. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bu komanda mütləq Premyer Liqada çıxış etməlidir".

Bunu Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov "Turan Tovuz"un Azərbaycan Premyer Liqasına I Divizionun qalibi kimi vəsiqə qazanmasına münasibət bildirərkən deyib.

V.Əhmədov bildirib ki, bu komandanın elitada təmsil olunmasına çalışmaq lazımdır: "Əlbəttə, I divizionda da futbol oynayırlar. Amma bunlar fərqli yarışlardır. Premyer Liqanın öz tələbləri var. Bütün yaş qrupları üzrə komandalar təşkil etməyə məcbur olacaqlar. Uşaqları o qədər ora-bura aparıblar ki... Olmazmı ki, həmin məktəblər Tovuzda təşkil olunsun? Hazırda komandanın heyətində bir-iki nəfəri çıxmaqla, hamısı yerli uşaqlardır".

Sabiq klub prezidentinin fikrincə, "Turan Tovuz"un Premyer Liqada çıxış etməsi üçün ildə azı 600-700 min manat vəsait lazımdır. Bunun 500 min manatı lisenzilaşmanın tələblərinə əsasən, bank təminatı üçündür: "AFFA-ya klublara yardım etdiyi üçün təşəkkürümüzü bildiririk. Çox iş görüblər. Təəssüf ki, çatdırmaq çətindir. Kənardan baxan adama həmişə asan gəlir. Özüm bu işlərin içində olmuşam, futbol klubu nə deməkdir – yaxşı bilirəm. Böyük vəsait lazımdır".

V.Əhmədov tovuzlu iş adamlarının fərdi qaydada hansısa iş görmələrinin mümkünlüyünü dilə gətirsə də, birgə işin görülmədiyini vurğulayıb. O, hazırda özünün elə bir imkana malik olmadığını söyləyib: "İndiki məqamda komandanı saxlaya biləcək min adamdan biri ola bilərəm. Ən böyük arzum “Turan Tovuz”un yaşaması və Azərbaycan Premyer Liqasında təmsil olunmasıdır. Toplantı keçirilsə və fikir mübadiləsi aparılsa, bəlkə də, nəticə əldə etmək olar".

Keçmiş klub rəhbəri məsələyə qlobal yanaşaraq, idmana dəstək verən iş adamlarının Vergidən azad olunmalarını məqsədəuyğun sayıb: "Əvvələr Azərbaycan qanunvericiliyində mənfəət vergisindən azad olunma kimi bənd var idi, indi xəbərsizəm. Vergidən tam azad etmək mümkün olmasa da, başqa imtiyazlar vermək olar. Başqa ölkələrin təcrübəsinə müraciət etmək lazımdır. Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq? Dəyişikliklər tətbiq edilməli, digər varinatlar gözdən keçirilməlidir. Çıxış yolu yalnız budur: digər ölkələrin təcrübəsinə müraciət etməliyik".

Qeyd edək ki, Vidadi Əhmədov 1992 - 2002-ci illərdə "Turan"ın prezidenti olub. Klub ən ciddi uğurlarına V.Əhmədovun rəhbərliyi altında imza atıb. 1994-cü ildə Azərbaycan çempionluğunu qazanan Tovuz komandası 1995-ci ildə gümüş, 1992 və 1993-cü illərdə bürünc medallara layiq görülüb.

Son xəbərlər

Orphus sistemi