Bakı. 12 may. REPORT.AZ/ "Qəbələ" klubunun futbol direktoru Toni Adams Danimarkanın "Bröndbü" klubu ilə anlaşdığı haqda yayılan məlumatlara münasibət bildirib. T.Adams "Report"a açıqlamasında hələ heç nəyin dəqiqləşmədiyini deyib.
İngiltərəli mütəxəssis dəqiq olmadığı üçün heç nə deyə bilməyəcəyini söyləyib: "İndiki halda dəqiqləşən heç bir şey yoxdur. Bu gün üçün "Bröndbü"yə getmək istəmirəm. Qarşımda bir neçə seçimim var. Bu haqda heç nə deyə bilmərəm".
Əfsanəvi futbolçu mayın sonlarında "Qəbələ"ni tərk edəcəyi barədə "The Guardian"a verdiyi açıqlamanı isə nə təsdiq, nə də təkzib edib: "Hələ ki, "Qəbələ"də işləyirəm. Klub prezidenti ilə özəl münasibətim var. "Qəbələ" isə mənim ürəyimdədir".
Qeyd edək ki, Toni Adamsın ayrılacağını "Qəbələ" rəhbərliyi də istisna etmir.