Tərlan Əhmədov: "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq"

Tərlan Əhmədov: "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq" "Hamını udmalıyıq"
Futbol
21 Oktyabr , 2017 18:39
Tərlan Əhmədov: Qarabağla görüşə də 3 xal üçün çıxacağıq

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bura 3 xal üçün gəlmişdik. Ağır oyun olacağını bilirdik. Futbolçularımıza və azarkeşlərə minnətdaram. 4:0-dan sonra eyforiya olur. Bunu burada gördük".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının IX turunda "Kəpəz" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

46 yaşlı mütəxəssis "Səbail" üzərində 4:0 hesablı qələbə qazandıqları görüşdən sonra futbolçularının oyuna arxayın çıxmalarından narazılıq ifadə edib:

"Qalib gəlsək də, 90 dəqiqə boyunca oyun xoşuma gəlmədi. Arxayınlıq var idi. Cinah yarımmüdafiəçiləri elə də fəal deyildi. Amma iki komanda arasındakı oyunlar belə keçir. Epizodlarımızdan yararlana bilmədik. Hiss etmişdim ki, belə olacaq. Hələ oyundan əvvəl belə olacağından narahat idim".

Əhmədov hakimlik barədə də danışıb:

"Biz necə səhv ediriksə, hakimlər də elə. Onlara ciddi iradım yoxdur".

Baş məşqçi cəzalı olduğu üçün oynamayan Derlis Meza Kollinin yoxluğunun komandaya mənfi təsir etdiyini də dilə gətirib:

"İstəməzdim ki, ayrıseçkilik edim. Meza Kolli ilə Rəşad Sadiqovun tandemi uğurlu alınır. Onun olmaması mənə problem yaratdı. Məni ən çox 90 dəqiqə eyni sürətlə futbol oynamamağımız narahat edir. Bu, təkcə fiziki yox, psixoloji hazırlıqla bağlıdır. 21 futbolçumuzu eyni vaxtda psixoloji cəhətdən hazırlamaq çətindir".

Əhmədov ötən tur komandadaxili qruplaşmaların qarşısını aldığına dair açıqlamasına da aydınlıq gətirib:

"Əvvəllər gələndə ilk olaraq, komandadaxili iclas etmişdim. Sonradan ayrıca yerli və əcnəbilərlə, ardınca isə hər biri ilə tək-tək söhbətləşdim. Həmin vaxt qruplaşma gördüm. Artıq bu, yoxdur".

Baş məşqçi qarşıdakı hədəflərindən də danışıb:

"Qışadək maksimum xal toplamalıyıq. Mən bura gələndə deməmişəm ki, hamını udmalıyıq. Əlimizdəki materialla nəyəsə nail olmaq istəyirik. Zamana ehtiyac var. Bizi ağır oyunlar gözləyir. Mən bura gəlməmişdən "Neftçi" bütün oyunlarda uduzurdu. İndi ardıcıl 3 qələbə qazanmışıqsa, deməli, nəyəsə nail olmuşuq. "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq. Qışda bir-iki futbolçu cəlb edəcəyik".

Son xəbərlər

Orphus sistemi