Təmkin Xəlilzadə: "Belə şeyləri qəbul edə bilmirlərsə, gərək özləri də etməsinlər"

Təmkin Xəlilzadə: "Belə şeyləri qəbul edə bilmirlərsə, gərək özləri də etməsinlər" Bakı. 20 dekabr. REPORT.AZ/ Çox ciddi bir oyuna çıxmışdıq. Qarşılaşmanın əhəmiyyətli olduğunu bilirdik. Yaxşı nəticə qazansaydıq, yarımfinala vəsiqə qazanacaqdıq.
Futbol
20 Dekabr , 2018 19:23
Təmkin Xəlilzadə: Belə şeyləri qəbul edə bilmirlərsə, gərək özləri də etməsinlər

Bakı. 20 dekabr. REPORT.AZ/ "Çox ciddi bir oyuna çıxmışdıq. Qarşılaşmanın əhəmiyyətli olduğunu bilirdik. Yaxşı nəticə qazansaydıq, yarımfinala vəsiqə qazanacaqdıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı müdafiəçi doğma meydandakı birinci matçda da eyni hesabla qələbə qazandıqlarını xatırladıb: "Birinci hissə orada bitmişdi. Qırğın isə bu gün idi. Çox çətin oyun oldu. Yaxşı hazırlaşmışdıq. Rəqibin də hücum edəcəyini gözləyirdik. Birinci hissədə istədiyimiz oyunu sərgiləməyə imkan vermədilər. İkinci yarıda isə hücumlarımızı artırdıq və istədiyimiz qolu vurduq. Qoldan sonra isə daha rahat oynamağa başladıq. Oyunun sonlarında hesab 2:0 və ya 3:0 ola bilərdi. İki oyunda da qələbə qazanaraq istəyimizə nail olduq".

O, rəqibin sözügdən qarşılaşmada kobud oynamasından da söz açıb: "Rəqib barədə danışmaq istəmirəm. Belə oynamaq öz fikirləri və qərarlarıdır".

T.Xəlilzadə oyun zamanı "Sabah"ın oyunçusu Məmmədov Novruzla mübahisəsinin səbəbindən də danışıb: "Bu futboldur. Nədənsə yapışıb qalmaq lazım deyil. Çempionatın birinci dövrəsində bu meydanda "Sabah"a 0:1 hesabı ilə uduzmuşduq. Rəqibin qapıçısı ikinci hissədə bizim əsəblərimizlə oynamışdı. Nəinki qapıçı, heyətdəki bütün futbolçular yerə yıxılırdılar və oyunu ləngidirdilər. Eyni şeyləri bu gün mən edirdim. Onlara demək istədim ki, bunu biz də edə bilirik. Belə şeyləri qəbul edə bilmirlərsə, gərək özləri də etməsinlər".

Müdafiəçi yarımfinalda qarşılaşacaqları "Keşlə" - "Qarabağ" dueli haqqında da fikirlərini söyləyib: "Həmin oyuna baxmaq istəyirəm. Kim güclüdürsə, qalib gəlsin. Bizim üçün rəqibin "Keşlə" və ya "Qarabağ" olmasının heç bir fərqi yoxdur. "Keşlə" də sıradan bir rəqib deyil. Bilirik ki, "Qarabağ" "Keşlə"dən güclüdür. Bu gün rəqibimizin kim olduğunu görəcəyik. Qarşımızda hazırlaşmaq üçün uzun müddət olacaq".

Son xəbərlər

Orphus sistemi